Xaricdə təhsil alanlar niyə dövlət orqanlarında işləmək istərmir?

"Xaricdə təhsil alan tələblərin dövlət qulluğuna qəbulu məsələsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya həvalə edilib. Qanunla bu proses elə tənzimlənir ki, həmin məzunlar İqtisadi İnkişaf Nazirliyinin müvafiq qurumuna müraciət etdikdən sonra dövlət qulluğunda çalışmaq istəyən həmin namizədlərin siyahısı komissiyaya göndərilir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında DQMK-nın sədr müavini Vəfadar Misirov deyib. Onların komissiyanın ehtiyyat kadrlar siyahısına əlavə edildiyini deyən V.Misirov vurğulayıb ki, sonradan məzunların dövlət qurumlarında çalışmaları ilə bağlı müraciət olunur.

"Hazırda ehtiyyat kadrlar siyahısında 85 xaricdə təhsil alan məzunun adı var. Onlardan 7-si müvafiq dövlət orqanlarında işə qəbul edilib. Amma qalanların bir hissəsi bitirdikləri ali məktəblərdə təhsillərini davam etdirir, bir hissəsi isə özəl biznes sektorlarında çalışmağı üstün tuturlar. Hələ ki, onların dövlət orqanlarında yerləşdirilməsi prosesi gedir. Amma bir məsələni qeyd edim ki, xaricdə təhsil alan məzunların dövlət orqanlarında işləməyə marağı yüksək səviyyədə deyil. Xaricdə təhsil alanların əksəriyyəti dövlət orqanlarında fəaliyyət göstərməyə maraq göstərmir. Onlar əməkhaqqının yüksək olmasına görə əsasən biznes strukturlarında çalışmaq istəyirlər", - deyə V.Misirov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə