“Sabahın alimləri” Respublika müsabiqəsində məktəblilərin 77 layihəsi iştirak edir

“Sabahın alimləri” Respublika müsabiqəsində məktəblilərin 77 layihəsi iştirak edir

"Sabahın alimləri" Respublika müsabiqəsində Azərbaycan məktəblilərinin 77 layihəsi iştirak edir. SİA-nın xəbərinə görə, yalnız məktəblilərin iştirakı nəzərdə tutulan bu müsabiqə beynəlxalq səviyyədə keçirilən Intel ISEF müsabiqəsinin tərkib hissəsidir. "Sabahın alimləri" müsabiqəsi (http://sabahinalimleri.edu.az) Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Mədəd" təşkilatı tərəfindən dəstəklənir. Azərbaycanda ilk dəfə keçirilən bu müsabiqədə öz gücünü sınamaq üçün məktəblilər 77 layihə təqdim ediblər. Layihələrin qiymətləndirilməsi Elmi Ekspertiza Komitəsi tərəfindən keçiriləcək. Müsabiqə "riyaziyyat", "fizika", "astronomiya", "kimya", "biologiya", "tibb, sağlamlıq, psixologiya", "ekologiya", "ətraf mühitin idarə olunması", "mühəndislik","kompüter elmləri" nominasiyaları üzrə keçirilir.

Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF - Intel International Science and Engineering Fair) ildə bir dəfə ABŞ-da keçirilən şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir. ISEF yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan dünyada ən iri müsabiqədir. Intel ISEF müsabiqəsi 1950-ci ildən başlayaraq Society for Science and the Public (Elm və Xalq naminə Cəmiyyət) qeyri-kommersiya təşkilatının himayəsi altında keçirilir. Intel ISEF və digər təhsil proqramlarının köməyi ilə Intel korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır. 2011-ci ildə Intel ISEF müsabiqəsində 65 ölkədən 1500-dən çox finalçı şagird iştirak edib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Intel korporasiyası ilə əməkdaşlıq "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə