Travmatoloq və ortopedlərin 2-ci Avrasiya konqresi keçirilib

Travmatoloq və ortopedlərin 2-ci Avrasiya konqresi keçirilib

6-9 iyul 2011-ci ildə Qırğızıstanda travmatoloq və ortopedlərin 2-ci Avrasiya konqresi, Qırğızıstan travmatoloq-ortopedlərin 2-ci qurultayı keçirilib. SİA-nın xəbərinə görə, 12 ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev konqresin prezidentinin müavini qismində iştirak edib.

Tədbir zamanı iştirakçı ölkə nümayəndələri travmatologiya və ortopediya sahələrinin ən aktual məsələlərinə aid 70-dən artıq məruzə ilə çıxış ediblər.

Ölkəmizi təmsil edən V.Verdiyev ortopediyanın ən mürəkkəb sahələrinə (döşün anadangəlmə qıfvari deformasiyasının cərrahi müalicəsi, sümük kistalarının təklif edilmiş distraksion osteogenez üsulu ilə müalicə və onurğanın ağır deformasiyalarının cərrahi müalicəsi) həsr edilmiş 3 maraqlı məruzə ilə çıxış edib.

Konqresin prezidenti Qırğızıstanın səhiyyə naziri S.Djumabekov və digər iştirakçılar Azərbaycanda ortopediya və travmatologiya sahəsində toplantıların aparılmasında maraqlı olduqlarını bildiriblər.

Növbəti konqresin İtaliyada təşkil olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə