Məktəbi bitirən məzunlar üçün ilk dəfə olaraq buraxılış gecəsi keçirilib - FOTOSESSİYA
Bu gün Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə "Buta Palace"də ilk dəfə "Məzun 2011" tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Misir Mərdanov, BŞTİ-nin müdiri Nailə Rzaquliyeva, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, elm və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bakının 650-yə yaxın əlaçı məzunu iştirak etdiyi tədbirdə BŞTİ-nin müdiri Nailə Rzaquliyeva geniş məruzə ilə çıxış edib. Bu gün cəmiyyətin ən önəmli sahələrindən birinin təhsil olduğunu deyən idarənin müdiri deyib ki, bu strateji sahənin inkişafı millətin gələcəyini təmin edən başlıca amildir. Onun sözlərinə görə, ölkənin tərəqqisi cəmiyyətin gələcək qurucuları olan gənclərdən çox asılıdır. O, paytaxtın təhsil göstəricilərinin son 4 ildə yüksəldiyini bildirib və prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsininn tabeliyindəki 22 məktəb "Ən yaxşı ümumtəhsil müəssisəsi", 49 müəllim isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olduğunu vurğulayıb.
Daha sonra N.Rzaquliyeva Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın məzunlara ünvanlanan təbrik məktubunu oxuyub.
Tədbirin davamında müstəqil Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq qızıl və gümüş medala layiq görülən məzunlar mükafatlandırılması mərasimi keçirilib. Təhsil naziri Misir Mərdanov və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin məzunlara təbriki qonaqların alqışına səbəb olub. Belə ki, təhsil naziri MisirMərdanov məzunların artıq TQDK-nın ixtiyarına verildiklərini söyləyib və gələcək imtahanlarda onlara uğurlar arzulayıb. TQDK sədri Məleykə Abbaszadə isə məzunların bu gün istirahət etməyi məsləhət görüb: "Amma ayın 3-də ilk qəbul imtahanı başlayır. Biz sizlərin hər birinizi həmin imtahanlarda gözləyirik".
Bundan əlavə, idarənin tabeçiliyində olan məktəbdənkənar təhsil müəssisələrinin yetirmələrinin çıxışları, həmçinin 11-ci siniflərin istedadlı şagirdlərinin öz bacarıqlarını nümayiş etdirməsi maraqlı görüntülərə və anlara səbəb olub. Rəsmi hissədən və gənclər üçün təşkil olunan bədii hissədən sonra gecə disko-əyləncə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB