“Uşağın 1 yaşdan tez bağçaya verilməsi qərarı təkcə praktiki deyil, həm də psixoloji, pedaqoji və tibbi baxımdan çox həssas və məsuliyyətli məsələdir. Bu qərarın düzgünlüyü yalnız valideynin ehtiyacları ilə deyil, həm də uşağın inkişaf səviyyəsi, emosional təhlükəsizlik ehtiyacı və bağçanın şəraiti ilə əlaqələndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov sözlərinə belə davam edib: “Elmi və psixoloji araşdırmalar göstərir ki, uşağın ilk 0–3 yaş dövrü onun emosional, sosial və idrak inkişafının təməlini qoyur. Bu dövrdə uşağın ən çox ehtiyacı olan şey sabit, təhlükəsiz, isti münasibətli və birbaşa emosional bağ qura biləcəyi şəxs – adətən ana və ya əsas baxıcıdır. Məşhur uşaq psixoloqu Con Bowlby-nin “bağlanma nəzəriyyəsi”nə görə, uşağın ana ilə ilk 2-3 il ərzində stabil və davamlı bağ qurması onun gələcək emosional sabitliyi və sosial münasibətləri üçün kritik əhəmiyyət daşıyır. 1 yaşdan tez bağçaya verilən uşaqda bu bağ pozula bilər və bu, narahatlıq, qorxu, ünsiyyət çətinliyi kimi problemlərlə nəticələnə bilər.
Digər tərəfdən, bəzi hallarda – məsələn, valideynin işləmək məcburiyyəti və ya ailədə baxıcı imkanının olmaması – uşağın daha tez bağçaya getməsi labüd olur. Belə hallarda əsas diqqət bağçanın şəraitinə və pedaqoji heyətin keyfiyyətinə yönəlməlidir. Uşağın yaşına uyğun qrupda, fərdi yanaşma, isti emosional münasibət və sanitar-gigiyenik şərait təmin olunarsa, bu keçid daha yumşaq və zərərsiz ola bilər. Lakin Azərbaycandakı bir çox bağçada 1 yaşdan aşağı uşaqlar üçün nə fiziki infrastruktur, nə ixtisaslaşmış tərbiyəçilər, nə də fərdi qayğı sistemi mövcuddur. Dövlət bağçalarının əksəriyyəti 2–6 yaş arası uşaqlar üçün nəzərdə tutulub.
Dünya Səhiyyə Təşkilatı və UNICEF kimi beynəlxalq qurumlar da 1 yaşdan tez kollektiv mühitə keçidin uşağın emosional və immun sisteminə mənfi təsir edə biləcəyini vurğulayır. Məsələn, Norveç və Finlandiya kimi ölkələrdə dövlət siyasəti uşağın ən azı 18 ayına qədər valideynin yanında qalmasını təşviq edir və bu məqsədlə uzunmüddətli analıq məzuniyyəti və maddi dəstək proqramları mövcuddur. Azərbaycanda isə valideynlər, xüsusən də analar, işə qayıtmaq məcburiyyətində olduqları üçün alternativ axtarırlar və bu zaman seçim çox zaman uşağın inkişafına uyğun olmur.
Nəticə olaraq, uşağın 1 yaşdan tez bağçaya verilməsi pedaqoji və psixoloji baxımdan tövsiyə edilmir. Bu qərar zərurətdən doğursa belə, uşaq üçün uyğun və qoruyucu mühit yaradılmalı, keçid mərhələsi tədricən və valideynlə sıx əlaqədə həyata keçirilməlidir. Əgər bağça bu imkanları təmin etmirsə, uşağın emosional və fiziki inkişafı üçün mənfi nəticələr qaçılmaz ola bilər. Elm və Təhsil Nazirliyi isə bu istiqamətdə heç bir sistemli maarifləndirmə və ya tənzimləyici mexanizm tətbiq etmir, nə minimum yaş kriteriyası müəyyən olunur, nə də uyğun infrastruktur tələbləri. Bu da valideynlərin qərarını təsadüfi və riskli hala gətirir. Uşağın ali mənafeyi prinsipinə əsasən, bu sahədə ciddi normativ tənzimləmə və ictimai məlumatlandırma zəruridir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə