“Müasir əmək bazarında sertifikatlar namizədin peşə bacarıqlarını və praktiki biliklərini təsdiqləyən rəsmi sənəd kimi geniş şəkildə dəyərləndirilir. Lakin onların işə qəbul prosesində rolu və əhəmiyyəti bir sıra amillərdən — sahədən, vəzifənin mahiyyətindən, işəgötürənin siyasətindən və ölkənin əmək qanunvericiliyindən asılı olaraq dəyişir. Bəzi hallarda sertifikatlar işə qəbul üçün zəruri şərt sayılır, bəzən isə yalnız əlavə üstünlük kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov sözlərinə belə davam edib: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 24-cü maddəsinə görə, işəgötürən işçi üçün ixtisas və ya peşə üzrə müəyyən bilik və bacarıqları tələb edə bilər. Bu tələbin sübutu kimi isə rəsmi təhsil sənədləri ilə yanaşı, müxtəlif sertifikatlar da qəbul olunur. Xüsusilə də texniki, informasiya texnologiyaları, maliyyə, audit və beynəlxalq hüquq sahələrində sertifikatlar həm yerli, həm də qlobal miqyasda rəqabətə davamlılığı artıran əsas faktorlardan biridir.
Məsələn, kompüter və proqramlaşdırma sahəsində bir namizədin Cisco (CCNA), Microsoft (MCP, MCSA), Google (Professional Cloud Architect), Python, Java və s. kimi sertifikatlara malik olması onun texniki savadının və bacarığının sübutu kimi çıxış edir. Maliyyə sahəsində CFA (Chartered Financial Analyst), ACCA, CPA və ya CIMA kimi beynəlxalq sertifikatlar işəgötürənlər tərəfindən yüksək qiymətləndirilir və çox vaxt işə qəbul üçün ilkin şərt kimi irəli sürülür.
Pedoqoji sahədə, xüsusilə Azərbaycan məktəblərində və liseylərdə sertifikatlaşdırma prosesi artıq dövlət siyasətinə çevrilib. Müəllimlərin sertifikatla təsdiqlənməsi onların işdə qalması və ya maaş artımı üçün əsas amillərdən birinə çevrilib. Bu baxımdan sertifikat sadəcə əlavə sənəd yox, hüquqi və peşəkar statusu müəyyən edən bir vasitədir. Lakin bu sahədə mübahisəli məqamlar da var. Əgər sertifikat yalnız formal prosedurla, real bacarıq ölçülmədən verilirsə, o zaman onun dəyəri kağız parçasından o yana keçmir.
Bəzi sahələrdə isə sertifikat olmadan ümumiyyətlə işə qəbul mümkün deyil. Tibbi xidmətlərdə, təhlükəsizlik və nəqliyyat sahəsində, enerji və elektrotexnika sahələrində təhlükəsizlik tələbləri sertifikatlaşdırmanı zəruri edir. Bu kimi sahələrdə sertifikat həm hüquqi məsuliyyət, həm də insan həyatına təsir baxımından kritik əhəmiyyət daşıyır. Məsələn, sürücülük vəsiqəsi, elektrotexnik üçün təhlükəsizlik sertifikatı, tərcüməçi üçün dil səviyyəsini təsdiqləyən beynəlxalq sertifikatlar işəgötürən tərəfindən tələb oluna bilər.
Lakin bütün hallarda sertifikatın özündən daha önəmli olan onun məzmunu və əldə edilmə prosesidir. Əgər sertifikatlar yalnız kommersiya məqsədilə, real tədris və təcrübə olmadan verilibsə, bu həm namizədin, həm də sistemin etibarlılığını sual altına alır. Təəssüf ki, Azərbaycanda son illərdə bəzi özəl kurs və mərkəzlər tərəfindən saxta və ya keyfiyyətsiz sertifikatların verilməsi bu sənədlərə inamı zədələyib. Bu baxımdan işəgötürənlər getdikcə daha çox “praktik bacarığa əsaslanan müsahibə və sınaq” mərhələlərinə üstünlük verirlər.
Dünya təcrübəsində isə sertifikatlar daha çox “lifelong learning” (ömürboyu təhsil) yanaşmasının bir hissəsi kimi qəbul edilir. Məsələn, Almaniyada və Skandinaviya ölkələrində bir çox şirkətlər işçilərini davamlı olaraq sertifikasiya proqramlarına göndərir və bu sənədlər onların yüksəlişi üçün əsas göstərici olur. ABŞ-da isə LinkedIn Learning, Coursera və edX kimi platformaların verdiyi sertifikatlar bir çox texniki sahələrdə artıq işə qəbul zamanı nəzərə alınır.
Nəticə etibarilə, sertifikatlar işə qəbul zamanı mühüm əhəmiyyət kəsb edir, lakin bu, onların hansı sahəyə, hansı səviyyəyə və hansı keyfiyyətə aid olmasından asılıdır. İşəgötürənlər üçün sertifikat namizədin öyrənmə həvəsini, özünü inkişaf etdirmə motivasiyasını və sahəyə olan bağlılığını göstərən vacib siqnaldır. Eyni zamanda, bu sənədlər əmək bazarında rəqabət qabiliyyətini artırır. Lakin sertifikatlar real bacarığı əvəz etməməli, yalnız onun göstəricisi kimi çıxış etməlidir. Buna görə də, sertifikatlı olmaq vacibdir, amma daha vacibi o sertifikatın arxasında dayanan real bilik və bacarıqlardır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə