Bu gün Azərbaycan İlahiyyat İnstitutunun yaranmasının 5 ili tamam olur. SİA olaraq Aİİ prorektoru və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun institutun ölkəyə verdiyi töhfə ilə bağlı fikirlərini öyrəndik:
Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov: “Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Bu gün İnstitutun yaradılmasından 5 il ötür. Bu beş il ərzində Aİİ bir çox uğurlara imza atıb. Ən böyük uğurumuz isə keçən il ilk məzunlarımızın olması idi. Bu məzunlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi müsahibə komissiyasından uğurla keçərək, ölkəmizdəki dini ibadət yerlərinə təyinat almış, imam və imam müavini vəzifəsində artıq fəaliyyətə başlayıblar. İnstitut yarandığı gündən milli kadrların hazırlanmasını prioritet məsələ hesab edib. Buna görə də qərara alınıb ki, bütün fənlər üzrə tədris üzrə dərslər İnstituta cəlb olunmuş məhz milli kadrlar tərəfindən hazırlansın.
Aİİ beynəlxalq əlaqələrə böyük önəm verir. Belə ki, biz dünyanın 25-dən çox ali təhsil müəssisələri ilə müvafiq protokollar hazırlamışıq. Bu protokollar əsasında tələbə mübadiləsi həyata keçirilir. Aİİ həm ölkə daxili, həm də beynəlxalq konfranslar, forumlar təşkil edir. Yerli və xarici elm adamları həmin konfranslarda və forumlarda iştirak edirlər.
Aİİ ildə iki dəfə olmaqla "Din araşdırmaları" jurnalı dərc edir. Burada din sosialogiyası, psixologiyası, fəlsəfə və s. üzrə elmi məqalələr nəşr olunur.
Xalqın dini baxımdan düzgün şəkildə maarifləndirilməsi üçün Aİİ tərəfindən "youtube" platforması üzərindən "İlahiyyat TV" adlı kanal yaradılıb. Bizim alimlərimizin mütəmadi olaraq burada əhalini düşündürən məsələlər barədə verlişləri təqdim olunur.
Aİİ nəinki Qafqazda, bütün MDB məkanında 5 ildə özünü keyfiyyətli tədris, eyni zamanda tədris siyasəti ilə tanıda bilmişdir. Hədəfimiz dünyanın qabaqcıl ali dini təhsil verən təhsil mərkəzlərindən birinə çevrilməkdir”.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov: “Azərbaycan İlahiyyat İnstitutunun yaranması dərin mənəvi irsə sahib olan xalqımızın tarixində mühüm hadisədir. Cəmiyyətdə maddi ünsürlər qədər mənəvi ünsürlər də son dərəcə əhəmiyyət kəsb edir. Maddi yöndən inkişafı hədəf seçən cəmiyyətlər onunla yanaşı mənəvi dəyərlərə də böyük diqqət yetirirlər. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da, müstəqilliyimizin bərpasından sonra onun möhkəmləndirilməsinə xidmət edən mənəvi dəyərlərin qorunub saxlanması və inkişafı prosesində atılan növbəti addımdır. Düşünürəm ki, fəaliyyət göstərdiyi 5 il ərzində Azərbaycan İlahiyyat İnstitutu qarşıya qoyulan məqsədlərə uyğun olaraq xeyli inkişaf yolu keçib. Qısa müddət ərzində ölkədə dini maarifləndirmə sahəsində, dövlət-din münasibətlərinin tənzimlənməsində, ən əsası dini kadırların hazırlanmasında bu mənəvi təhsil ocağı vacib işlərə imza atmışdır. Bu illər ərzində görülən işlər milli kimliyimizin tərkib hissəsi olan dini kimliyimizin yad ünsürlərdən qorunmasında böyük rol oynayacaq və xalqımızın taixi ənənlərə söykənən, həm də müasir dövrlə ayaqlaşa bilən özünəməxsus dini dünyagörüşünün daha da inkişafına gətirib çıxaracaqdır. Sonda 5 yaşı tamam olması münasibətilə Azərbaycan İlahiyyat İnstitutunun rəhbərlik və kollektivini təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB