8-ci beynəlxalq konfransın bağlanış mərasimi olub - FOTOLAR

Fevralın 7-də AMEA-nın Rəyasət Heyətində “Əlişir Nəvai və XXI əsr” mövzusunda keçirilən 8-ci beynəlxalq konfransın bağlanış mərasimi olub. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə özbəkistanlı və türkiyəli qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olublar.

Tədbirin əvvəlində Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafına xüsusi önəm verildiyini vurğulayan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli özbək ədəbiyyatının böyük klassiki Əlişir Nəvai irsinin birgə tədqiq edilməsinin, bu mövzuda ortaq layihələrin həyata keçirilməsinin zəruriliyi və əhəmiyyətindən danışıb, Bakıda keçirilən beynəlxalq elmi konfransın uğurla başa çatdığını bidirib.

AMEA rəhbəri Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinova AMEA Nizami Gəncəvi adına “Ədəbiyyat İnstitutunun Fəxri dostu” diplomunu təqdim edib.

Tədbirdə çıxış edən Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov isə sovet hakimiyyəti illərində Özbəkistan tarixinin, mədəniyyətinin saxtalaşdırıldığını nəzərə çatdırıb. Vurğulayıb ki, yalnız Özbəkistan müstəqillik qazandıqdan sonra ölkənin tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri sistemli tədqiqatlara cəlb olunub. AMEA-nın Ədəbiyyat İnstitutu ilə qarşılıqlı münasibətlərə toxunan professor Şuxrat Sirojiddinov müasir dövrdə Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin inkişaf etdirilməsində azərbaycanlı həmkarlarının xüsusi rolunu vurğulayıb, beynəlxalq konfransın təşkilində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.

Akademik İsa Həbibbəylinin 2020-ci ildə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Fəxri professoru seçildiyini və pandemiya səbəbindən ötən müddət ərzində diplomun təqdim edilə bilmədiyini xatırladan professor Şuxrat Sirojiddinov, akademik İsa Həbibbəyliyə rəhbərlik etdiyi universitetin müvafiq diplomunu və “Əlişir Nəvai” medalını təqdim edib.

Tədbirdə həmçinin filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Fəxri professoru diplomu, eləcə də AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktorları Almaz Ülvi Binnətova, Ataəmi Mirzəyev, Ramiz Əskər, Yaşar Qasımbəyli, İsmayıl Məmmədli və Şəhla Məcidovaya “Əlişir Nəvai” medalı təqdim olunub.

Konfrans çərçivəsində professor Şuxrat Sirojiddinovun Azərbaycan dilində nəşr edilmiş “Əmir Əlişir: həyatı və yaradıcılığı” kitabının təqdimatı da keçirilib.

Akademik İsa Həbibbəyli təqdim olunan kitabın ədibin elmi tərcümeyi-halına dair Azərbaycan dilində çap olunmuş ilk əsər kimi qiymətləndirib. Əsərin Nəvainin tələbələri və davamçılarının xatirələri və təzkirələri əsasında meydana gəldiyini vurğulayıb, nəşrin xarici dillərə tərcümə edilməsinin əhəmiyyətini bildirib.
Filologiya elmləri doktorları Almaz Ülvi Binnətova, Ramiz Əskər, Yaşar Qasımbəyli və Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurboy Cabbarov çıxış edərək əsərin məziyyətlərindən danışıblar.

Sonda çıxış edən akademik İsa Həbibbəyli qonaqlara bir sıra kitablar hədiyyə edib, Əlişir Nəvai beynəlxalq konfransının ölkələrimiz arasında elmi-ədəbi əlaqələrin inkişafına və nəvaişünaslığa öz töhfəsini verəcəyini söyləyərək konfransa yekun vurub.

Qeyd edək ki, iki gün davam edən konfrans AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə