Dünyada ərzaq indeksinin bahalaşmasının SƏBƏBLƏRİ NƏDİR? - İQTİSADÇI AÇIQLADI

"Bahalaşma 2011-ci ildən sonra ən yüksək səviyyədədir. Təəssüf ki, hələ də bahalaşma davam edir. İdxal vasitəsilə də bu Azərbaycan alıcısının büdcəsinə də təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, bahalaşmanın ilin ikinci yarısından tədricən getdikcə yavaşlayacağı gözlənilir: "Buna səbəb olaraq birincisi pandemiyanın qlobal dəyər zəncirində yaratdığı problemlər idi. Həm işçilərin toplanması, həm də yüklərin, maşınların hərəkəti ilə əlaqədar problemlər ortaya çıxdı. Bu da daşınma xərclərini bahalaşdırdı. Dünyanın dəyər zəncirində harmoniya pozuldu. Dünyada daşınma prosesinin 80%-i bildiyimiz kimi okean üzərindən keçir. Okeanda təqribən daşıma qiymətləri 5 dəfəyə qədər bahalaşdı. Bu da təbii ki, məhsulun maya dəyərinə ciddi təsir göstərməyə başladı. Bundan əlavə pandemiya başlayanda bir çox ölkələr qeyri-müəyyənlik zəminində əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə alış həcmlərini həddən artıq bahalaşdırmağa başladılar. Bu da ixrac edən ölkələrdə tələb artdığı üçün ixrac vergisi qoymağa başladılar. Buna misal olaraq Rusiyanı göstərmək olar. Rusiya ilin əvvəlindən taxıla ixrac vergisi təyin edib. Bu da qiymətlərin bahalaşmasına təsir göstərən digər bir amil oldu".

Xalid Kərimli sözlərinə davam edərək həmçinin qeyd edib ki, dünya əhalisi qlobal miqyasda pandemiya dövründə daha çox ərzaq istehlak etməyə başladılar: "Bununla paralel isə dünya mərkəzi bankları əhalinin aktivliyini saxlamaq üçün işgüzar mühitin aktivliyini saxlamaq üçün işləmədiyi halda insanlara pul verməyə və iqtisadiyyata daha çox pul buraxmağa başladılar. Bununla da pulun dəyəri ucuzlaşaraq qlobal miqyasda qiymət artımı baş verdi. Bütün bunlar hazırki vəziyyətin əsas səbəbləridir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə