"Qızılın Azərbaycan iqtisadiyyatına yüksək təsirləri olacaq” - İQTİSADÇI MÖVQE BİLDİRDİ

“Azərbaycanda qızıl sənayesinin növbəti illərdə inkişaf edəcəyi gözlənilir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra yeni qızıl yataqlarının Azərbaycan tərəfindən işlənməsi ilə əlaqədar həyata keçirilən işlər, qızıl sənayesinin formalaşması və bu istiqamətdə gömrük siyasətinin təkmilləşdirilməsi, güzəştlərin tətbiq olunması yerli istehsal üçün yeni imkanlar yaradır”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, bu həm də Azərbaycan iqtisadiyyatında qızıl məmulatlarına olan tələbatların ödənilməsinə xüsusi töhfə verəcək: “Yeni qızıl yataqlarının işlənməsi idxaldan asılılığın azaldılması və eyni zamanda Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi baxımından da vacib hesab olunur. Çünki qızıl tez ixrac oluna bilən məhsuldur və bu da qızıl üçün yeni ixrac imkanları yaradır. Bu konsteksdən də deyə bilərik ki, bunun Azərbaycan iqtisadiyyatına yüksək təsirləri olacaq”.

V.Bayramov vurğulayıb ki, son illər Azərbaycan öz qızıl ehtiyatlarını artırır və qızıl ehtiyatların artması fonunda da yerli istehsalın, yerli emaledici sənayenin formalaşması da nəticədə bizim ehtiyatlarımıza təsir göstərəcək: “Çünki emal edilən qızılın bir hissəsi həm də ehtiyat olaraq yığılıb saxlanmaq imkanın malik olacaq. Yeni yataqların işlənməsi nəticədə Azərbaycan iqtisadiyyatında dövlət rezervlərinin artırılması, ixrac imkanlarının genişləndirilməsi, idxalın azaldılması və bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından müsbət təsirləri olacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə