Neft bazarı iştirakçılarına pozitiv siqnal veriləcək ÖZƏL - AÇIQLAMA

"Bu görüşdə real olaraq bazarın istehlak edə biləcəyi həcmlərə uyğun neft həcmlərinin azaldılması ilə bağlı qərar qəbul edilə bilər. Üstəlik, 2 həftə ərzində bunun icrasının başlanılması ilə bağlı radikal addım atıla bilər". Bu sözləri SİA-ya açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft məsələləri üzrə ekspert İlham Şaban bazar ertəsi OPEK və qeyri-OPEK ölkələri nazirlərinin görüşü ilə bağlı hansı yeni qərarların qəbul ediləcəyi məsələsini şərh edərkən deyib.

O bildirib ki, bazar iştirakçılarına son bir ayda ilk dəfə olaraq fundamental pozitiv bir siqnalın verilməsini gözləyirik: "İndiyə qədər faktiki olaraq neftin son bir aydakı qiymətinə nəzər salsaq neftin 2 dəfədən çox ucuzlaşması məhz onun əlamətidir ki, bu müddət ərzində bazara heç bir pozitiv siqnal verilməyib. Əvəzində isə bazarı gərginlikdə saxlayan bir neçə məlumatlar daxil olub. Bu məlumatlardan ən əsası Səudiyyə Ərəbistanının neft hasilatını artırması, Rusiyanın neft hasilatını artırması və bununla da OPEK-ə üzv olan ölkələrində bu addımlara müvafiq olaraq fikirlərini ortaya qoymasıdır. Nəticədə, Beynəlxalq Maliyyə İnstitutları ikinci rübdə artıq dünya iqtisadiyyatının resepsiyaya daxil olduğunu bəyan edib. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristina Georgiyeva artıq bunu rəsmən elan etdi. İstər Çində, istər Avropada, istərsə də ABŞ-da dünyanın ən çox neft istehlak edən mövcud bazarında iqtisadiyyat artıma doğru deyil çöküşlə bu il müşayiət olunmalıdır.

Bunun əsas səbəbi koronavirus pandemiyası ilə əlaqədardır. İqtisadiyyat karantin remili ilə əlaqədar kifayət qədər daralıb. Bu fonda neft qiymətləri də ucuzlaşır və özünün 1999-cu ildən bu günə qədər özünün minimumuna düşmüşdür. Belə bir şəraitdə martın 6-da "OPEK+"un görüşündən bir ay sonra konfrans formasında keçiriləcək bu görüş bazar iştirakçıları üçün pozitiv siqnalın veriləcəyi tarixi bir dönüş kimi qiymətləndirirəm. Çünki əgər bu görüşdə bir nəticə hasil olmayacaqsa onda bu sadəcə neft hasil edənlərin qeyri-ciddiliyi ilə tarixə düşə bilər".

Ekspert əlavə edib ki, əgər bu məsələni sadə dillə izah etsək belə olacaq: "Siz may ayının sonu iyunun əvvəlində təzə bazara gəlirsiniz və görürsünüz ki, biri-birinin ardınca avtomobillər gilas boşaldır və deyirlər ki, gilasın kilosunu 10 manatdan qoyulsun, halbuki, heç kilosu 5 manata belə alan yoxdur. Bu halda adekvat bazarın istəyinə uyğun addım atılmalıdır. Məhsul, tələb və təklifdən çıxış etmək lazımdır".

ABŞ Prezidenti Donald Trampın cümə axşamı "Twitter" yazısından sonra neftin qiymətləri 26 dollardan 34 dollara qədər yüksəldiyini və daha sonra 29 dollara qədər düşdüyünü qeyd edən İlham Şaban vurğulayıb ki, bundan sonra Rusiya Prezidentinin dünənki bəyanatı ilə, hansı ki, neftin həcminin 10 milyon barelə qədər azaldıla biləcəyi haqda danışması neftin qiymətinin yenidən 33 dollar civarında bərqərar olması ilə nəticələndi: "Hesab etmək mümkündür ki, bu görüşdə real olaraq bazarın istehlak edə biləcəyi həcmlərə uyğun neft həcmlərinin azaldılması ilə bağlı qərar qəbul edilə bilər. Əvvəllər olduğu kimi bir ay sonraya yox, 2 həftə ərzində bunun icrasının başlanılması ilə bağlı radikal addım atıla bilər. Çünki istər ABŞ, istərsə də Rusiya ilk dəfə bu formatı dəstəkləyir, o cümlədən Rusiya Prezidenti Putinin də ABŞ-ın adekvat addımları ilə neft hasilatını azaltmağa razı olması bunu göstərir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə