Üç enerji nəhəngi – Azərbaycan, Türkiyə və Rusiya reallığı! ANALITIK

Bu gün dünyanın enerji tələbatının ödənilməsi üçün bir çox ölkələr öz iqtisadi potensialından maksimum istifadə edir, bu mühüm məsələdə öncüllüyü əldə saxlamaq və eyni zamanda söz sahibinə çevrilmək marağını ortaya qoyur. Belə bir məqamda uğurlu iqtisadi siyasətlə yanaşı, yüksək nüfuz, eyni zamanda, xarici siyasət faktorunda ardıcıl nailiyyətlərin əldə olunması da vacib nüanslardan hesab edilə bilər. Xüsusilə, enerji siyasəti yönündə uğur qazanmaqdan ötrü bir sıra həssas amillər də dayanır ki, həmin amillərdən biri tərəfdaşlıq və partnyorluq, etibarlılıq prinsipləridir. Məhz bu məsələdə Azərbaycanın apardığı siyasət tam mənada öz dinamik ardıcıllığını qoruyur, ölkəmiz bir sıra qlobal və regional layihələrdə təşəbbüskar, ideyaverici rolunda çıxış edir.

Hər biri 15,75 milyard kubmetr təbii qaz tutumuna malik iki xətdən ibarət “Türk axınından” Avropa qitəsinin cənubunda yerləşən ölkələr yararlanacaqlar

Bəlli olduğu kimi, ötən həftə Türkiyənin İstanbul şəhərində “Türk axını” təbii qaz boru kəmərinin açılış mərasimi keçirildi. Belə ki, Rusiya təbii qazının Türkiyəyə nəqli və bu ölkə ərazisindən keçərək Avropaya ötürülməsini nəzərdə tutan “Türk axını” layihəsi həm də iki ölkə arasında əlaqələrin enerji sahəsində də inkişafına töhfələrini verəcək. Daha dəqiq desək, hər biri 15,75 milyard kubmetr təbii qaz tutumuna malik iki xətdən ibarət “Türk axınından” Avropa qitəsinin cənubunda yerləşən ölkələr yararlanacaqlar. Beləliklə, bu əhəmiyyətli layihə sayəsində Rusiyanın təbii qazı tarixdə ilk dəfə olaraq, Türkiyə üzərindən nəql olunub, Avropaya qədər çatdırılacaq. Bu isə daha bir faktoru önə sürür ki, artıq bu bölgənin Avropanın enerji təchizatındakı rolu artmaqla yanaşı, digər iqtisadi potensiallıq perspektivlərinə yol açır.

Daha bir mühüm hadisəni də xatırlatmaq olar ki, ötən ilin 30 noyabr tarixində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi baş tutdu və Cənub Qaz Dəhlizinin nüvəsi hesab edilən, eləcə də “Enerjinin İpək yolu” adlandırılan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. Nəticədə Cənub Qaz Dəhlizinin 3 seqmenti – “Şahdəniz”, Cənub Qafqaz Boru Xətti və TANAP uğurla realizə edilir. Dördüncü layihə kimi tanınan TAP-ın da icrası artıq başa çatdırılmaq üzrədir.

Prezident İlham Əliyev: “Bu layihənin həm Rusiya üçün, həm də Türkiyə üçün nə dərəcədə vacib olduğunu bilirik”

Bu zaman daha bir sual yaranır: bu kimi mühüm layihələrin icrasında enerji təhlükəsizliyi daha hansı üstünlükləri ilə seçilə bilər? Məhz bu sualın cavabını araşdırarkən belə nəticəyə gələ bilərik ki, enerji təhlükəsizliyi formatında regionun üç dövləti söz sahibinə çevrilir – Azərbaycan, Türkiyə və Rusiya reallığı!

Onu da xatırlatmaq yerinə düşərdi ki, Prezident İlham Əliyev ötən ilin son günündə, dekabrın 31-də Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsində sözügedən mövzu ilə bağlı bir sıra əhəmiyyətli məqamlara toxunmaqla yanaşı, həm də mühüm mesajlarını çatdırdı. Həm Cənub Qaz Dəhlizinin, həm də “Türk axını” layihəsinin vacibliyini, regionun həmçinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq üç ölkənin əməkdaşlığını geniş şəkildə şərh etməklə yanaşı, bir sıra dairələrin rəqabət məsələsi ilə bağlı fikirlərinin əsassız olduğunu vurğulamışdı. SİTAT: “Bizim və ya Rusiyanın həyata keçirdiyi enerji layihələri məsələsi heç vaxt hər hansı ciddi diskussiyaların mövzusu olmayıb. Yəni mənim fikrimcə, bizim həyata keçirdiyimiz layihələri həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyirlər. “Türk axını” layihəsinə gəldikdə, bu layihənin həm Rusiya üçün, həm də Türkiyə üçün nə dərəcədə vacib olduğunu bilirik. Hər iki ölkə bizim yaxın tərəfdaşlarımızdır. Buna görə də biz bu layihəni lap əvvəldən dəstəkləmişik”.

Türkiyə və Rusiya dövlət başçılarından önəmli mesajlar!

Bu məsələdə Rusiya prezidenti Vladimir Putinin də fikirləri bir sıra əhəmiyyətli məqamları əks etdirir. Belə ki, 15 milyon ailəni təbii qazla təmin edəcək “Türk axını” layihəsinin açılışında Vladimir Putin mərasimdə iştirak edən hər kəsin yalnız Rusiya və Türkiyə üçün deyil, Avropa üçün də mühüm hadisənin şahidi olduğunu qeyd etmişdi.

O cümlədən, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da mühüm mesajını Avropaya çatdıraraq bildirib ki, bu layihə özünün bir sıra perspektivləri ilə tarix yazacaq: “Bundan bir ay əvvəl bölgəmizin ən strateji xətlərindən biri olan TANAP-ı əziz qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə istifadəyə verdik. “Enerjinin ipək yolu” adlandırılan TANAP-la ildə 16 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyə və Avropa istehlakçılarına çatdırılacaq. Qarşıdakı illərdə TANAP-ın ötürmə gücünü əvvəlcə 24 milyard kubmetrə, daha sonra da 31 milyard kubmetrə çatdırmağı planlaşdırırıq”.

Ölkə rəhbəri: “Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir”

Bütün bu kimi reallıqlardan həm də belə bir nəticə hasil etmək olar ki, enerji sahəsində əməkdaşlıq Azərvbaycana, Türkiyəyə və Rusiyaya böyük dividentlər gətirməklə yanaşı, bütövlükdə regiona iqtisadi inkişaf, təhlükəsizlik, sabitlik və rifah da bəxş edir. Ona görə də, Prezident İlham Əliyevin TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində əməkdaşlığın əhəmiyyəti ilə bağlı fikirləri qeyd edilən bütün reallıqları önə sürür: “Bu gün Cənub Qaz Dəhlizi özündə 7 ölkəni birləşdirir və bu, artıq beynəlxalq əməkdaşlıq layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə, - onlardan üçü Avropa İttifaqının üzvüdür, - bundan sonra uzun illər birlikdə çalışacaq və bunun faydasını bölüşəcəklər. Yəni bu layihə əməkdaşlıq, sabitlik, uzunmüddətli anlaşma gətirir”.

Nəticə olaraq qeyd edə bilərik ki, bu gün regional və əsas güclərə çevrilən Azərbaycan, Türkiyə və Rusiya reallığı yaxın illər ərzində daha böyük ilklərə və nəhəng layihələrə imza atmaqla, nəinki Avropa qitəsinin, bütünlükdə dünyanın enerji təminatçıları rolunu qazanacaqlar. Artıq bu gerçəklik öz sözünü əməli işlərlə sübuta yetirməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə