Etirazlar iğtişaşa çevrildi

Serbiyanın paytaxtı Belqradda etirazlar bir gecədə iğtişaşlara çevrilib. SİA Serbiya mətbuatına istinadla xəbər verir ki, noyabrın 1-i axşam saatlarında bir neçə polis kordonu Çaçiland çadır düşərgəsində Serbiya hökumətinin əleyhdarları ilə tərəfdarlarını ayırmalı olub.

Etirazçılar fit çalıb, hay-küy salıb, hökumət əleyhinə şüarlar səsləndiriblər. Hökumətyönlü tərəfdarlar düşərgə boyu vətənpərvərlik mahnıları ifa ediblər. Etirazlar tezliklə müxalifət, polis və hökumət tərəfdarları arasında toqquşmaya çevrilib.

Serbiya polisinin məlumatına görə, Belqradda Skupştina (parlament) yaxınlığındakı iğtişaşlarda şübhəli bilinən 37 nəfər artıq saxlanılıb.

Serbiya prezidenti Aleksandar Vuçiç parlament qarşısında etirazçıların ABŞ səfirliyi ilə əlaqə saxladığını bildirib.

Xatırladaq ki, Serbiyada tələbə və müxalifət etirazları 2024-cü ildə Novi Sad qatar stansiyasında tavanın uçmasından sonra başlayıb. Serb şəhərlərində gərginlik 2025-ci ilin avqustunda artıb. Avqustun 17-də Vuçiç Serbiyada fövqəladə vəziyyət elan etməyi düşünmədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə