""Qarabağ" matça tam ciddi şəkildə hazırdır" - ƏMƏKDAR JURNALİST MÜNASİBƏT BİLDİRDİ
"Qarabağ" bu mövsüm Çempionlar Liqasında göstərdiyi çıxışla bir daha sübut edir ki, artıq təsadüfi iştirakçı deyil, Avropa səhnəsində öz üslubu və oyun fəlsəfəsi olan bir komandadır. Üç turdan sonra 6 xal toplamaq böyük uğurdur və komandanın həm fiziki, həm taktiki, həm də psixoloji hazırlığının yüksək səviyyədə olduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında idman şərhçisi, Azərbaycanın əməkdar jurnalisti Fikrət Adıgözəlli deyib.
Onun sözlərinə görə, son turda İspaniyada məğlubiyyət almasına baxmayaraq, "Qarabağ" meydanda nizam-intizamlı, planlı və rəqibi yaxşı oxuyan oyun nümayiş etdirdi. Bu məğlubiyyət onların oyun kimliyinə təsir etmədi, əksinə, növbəti matç üçün daha ciddi yanaşma formalaşdırdı: "Bakıda baş tutacaq qarşılaşma xüsusi əhəmiyyət daşıyır. Rəqib "Çelsi" dünyanın ən güclü klublarından biridir və həm fərdi səviyyədə yüksək keyfiyyətə malik futbolçulara sahibdir, həm də oyun ritmini çox yaxşı idarə edir. Belə bir komandaya qarşı oynamaq üçün təkcə istək kifayət deyil - dəqiq taktiki plan, möhkəm müdafiə və sürətli hücuma keçid sistemi tələb olunur. "Qarabağ"ın ən böyük üstünlüklərindən biri kollektiv düşüncə və meydanda bir komanda kimi davranmaq bacarığıdır. Onlar yalnız hücumda deyil, müdafiə fazasında da birlikdə işləmək gücünə malikdirlər və bu, yüksək səviyyəli rəqiblərə qarşı çox vacib faktordur.
Komanda üçün əsas yanaşmalardan biri mərkəz xəttinin nəzarətdə saxlanılması olacaq. "Çelsi" topa sahib olmağı xoşlayan komandadır, ona görə "Qarabağ"ın mərkəz zonasında aqressiv pressinq, mövqelərin düzgün yerləşdirilməsi və boş sahələrin bağlanması üzərində dayanması vacibdir. Eyni zamanda, rəqib müdafiəsinin arxasında tez-tez boşluqlar yaranır və "Qarabağ" sürətli ötürmələr, kənar xəttdən hücumlar və standart vəziyyətlər zamanı bu imkanlardan maksimum istifadə etməyə çalışmalıdır. Qeyd etmək lazımdır ki, komandanın oyun sistemi həm 4-2-3-1, həm də iki hücumçu ilə 4-4-2-yə uyğunlaşmağa imkan verir və bu çeviklik böyük üstünlükdür.
Stadion amili də unudulmamalıdır. Tofiq Bəhrəmov adına Respublika stadionunda oynamaq "Qarabağ" üçün hər zaman əlavə motivasiyadır. Azarkeşlərin dəstəyi, meydanın atmosferi və doğma məkanda özünü daha inamlı hiss etmələri komandanın oyununa pozitiv təsir edir. Artıq bu səviyyədə oyun təcrübəsinin olması, baş məşqçinin taktiki düşüncəsi və futbolçuların məsuliyyət hissi göstərir ki, "Qarabağ" bu matça tam ciddi şəkildə hazırdır. Rəqib çox güclüdür və iş asan olmayacaq. Lakin doğru oyun planı, komanda intizamı və meydanda soyuqqanlı qərarlarla "Qarabağ"ın bu görüşdən müsbət nəticə əldə etmək şansı realdır. Bu komanda həm özünü, həm də Azərbaycan futbolunu artıq ən yüksək arenada ləyaqətlə təmsil etdiyini sübut edib və qarşıdakı oyun onların Avropadakı mövqeyini bir daha təsdiqləmək üçün çox önəmli fürsətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB