“Konstitusiyanın qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biridir” - MÜNASİBƏT BİLDİRİLDİ

"Konstitusiya Ali qanun kimi dövlətin hüquq sisteminin əsasını təşkil edir, cəmiyyətdə siyasi sabitliyin təminatı qismində çıxış edir. Şübhəsiz, cəmiyyətin gələcək inkişafı həm də hüquq sahəsində köklü islahatların həyata keçirilməsini, milli qanunvericilik bazasının formalaşdırılmasını şərtləndirirdi. Bu səbəbdən, müstəqilliyin ilk illərində Azərbaycanda da qarşıda duran ən vacib məsələlərdən biri yeni Konstitusiyanın hazırlanması idi. Azərbaycanın Konstitusiyasının yaradılması, dövlətçilik ənənələrinin formalaşdırılması və ölkənin müstəqilliyinin möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Əsas Qanunun yaradılmasında tarixi keçmişə nəzər salındı, eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə edildi. Ulu Öndər deyirdi ki, “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Bütün bu prinsipləri özündə əks etdirən Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddə, Preambula və keçid müddəalarından ibarətdir. Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, insan və vətəndaş hüquqlarının, azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin olunmasını dövlətin ali məqsədi olaraq təsbit edir. Təbii ki, Əsas Qanunun qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri idi. Bu, həm də dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edirdi. Konstitusiya müstəqillik illərində əldə olunan nailiyyətlərin hüquqi bazası idi.

Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində bir sıra əhəmiyyətli əlavə və dəyişikliklər edilib. Ümumiyyətlə, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər demokratik prinsip və dəyərlərin bərqərar olmasının, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının təminatına ən ali səviyyədə göstərilən diqqətin təzahürüdür. Bu islahatlar hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin daha da möhkəmlənməsinə, demokratikləşmə proseslərinin dərinləşməsinə təkan oldu. Ana Qanun həm də dövlətin suverenliyini təsdiqləyən ali hüquqi sənəddir. Konstitusiyamızın Preambulasında da Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib.

Suverenlik dövlətin ərazi bütövlüyünün əsası və təminatı, onun sərhədlərini və onları idarə etmək hüququnu təmin edir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş 23 saatlıq uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi.
Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Azərbaycan xalqı bir daha öz taleyinə sahib olduğunu, müstəqil dövlətini yaradaraq inkişaf etdirdiyini dünyaya bəyan etmiş oldu.

Bu il biz müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyini qeyd edirik. Bununla əlaqədar 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunub. Oktyabrın 29-da Milli Məclisdə keçirilən “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransı da Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuşdu. 20-dək ölkənin parlament nümayəndə heyətləri, 7 beynəlxalq təşkilatın təmsilçilərinin qatıldığı konfrans konstitusiya irsinin qorunması və qanunverici orqanlar arasında yeni əməkdaşlıq mühiti yaratmaq baxımından səmərəli platforma oldu. Beləliklə, Azərbaycanın timsalında deyə bilərik ki, konstitusiya prinsiplərinin möhkəmləndirilməsi dövlətin tarixini və irsini qorumaqla yanaşı, həm də uzunmüddətli dayanıqlı gələcəyin qarantıdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə