Rusiya Federasiyasının Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirən qrupa - BRİKS-ə sədrliyi çərçivəsində miqrasiya orqanları rəhbərlərinin Nazirlər səviyyəsində təşkil olunmuş görüşündə "Miqrasiyanın idarə edilməsinin yeni strategiyaları - cəmiyyətin uğurlu inkişafının rəhni kimi" mövzusunda dəyirmi masada iştirak etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Soçi şəhərində rəsmi səfərdə olub. Dövlət Miqrasiya Xidmətindən SİA-ya verilən xəbərə görə, dəyirmi masada Rusiya Federasiyası, Hindistan Respublikası, Çin Xalq Respublikası, Cənubi Afrika Respublikası, Azərbaycan Respublikası, Qırğız Respublikası, Monqolustan Respublikası, Pakistan İslam Respublikası, Tacikistan Respublikası, Ermənistan Respublikası, Beynəlxalq Miqrasiya Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıq üzrə İdarəsi, Müstəqil Dövlətlər Birliyi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak ediblər.
Dəyirmi masa iştirakçıları dünyanın sosial-iqtisadi və demoqrafik vəziyyətinə təsiri kontekstində cəmiyyətin uğurlu inkişafının faktoru kimi miqrasiya proseslərinin rolu, miqrasiya axınlarının mövcud şəraitində yeni çağırışlar və strategiyalar, həmçinin beynəlxalq himayə və informasiya mübadiləsi barədə məruzələrlə çıxış ediblər.
Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri Pərviz Musayev ölkəmizdə miqrasiya sahəsində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb. O, çıxışında Ermənistan Respublikasının ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 250 min azərbaycanlının öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirməsi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikası ərazisinin 20 faizinin – Dağlıq Qarabağın, həmçinin ona bitişik olan 7 rayonun ərazisinin işğal olunması və 700 min nəfərədək vətəndaşımızın öz doğma yurdunda məcburi köçkünə çevrilməsi barədə faktları xüsusi vurğulamaqla iştirakçıların nəzər diqqətinə çatdırıb.
Qeyd edilib ki, enerji-nəqliyyat sahələrində beynəlxalq və regional layihələrin həyata keçirilməsi, ölkədə mövcud olan ictimai-siyasi və iqtisadi sabitlik, yüksək templi iqtisadi inkişaf əcnəbilərin ölkəmizə axınına səbəb olan əsas faktorlardır. Həmçinin ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən heç də az əhəmiyyət kəsb etməyən amil kimi qeyd edilib. Vurğulanıb ki, bu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası miqrasiya, xüsusən də əmək miqrasiyası proseslərinin daha effektiv tənzimlənməsi üçün mümkün beynəlxalq alətlərdən istifadə edir. Belə ki, əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər imzalamışdır. Həmçinin, son illərdə Azərbaycan Respublikasında miqrasiya qanunvericiliyinin sadələşdirildiyi, region ölkələrində ilk dəfə Miqrasiya Məcəlləsinin ölkəmizdə qəbul edildiyi də iştrakçıların diqqətinə çatdırılıb.
Dəyirmi masanın sonunda BRİKS ölkələrinin miqrasiya orqanları rəhbərlərinin Birgə Bəyanatı qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB