Bu gün "Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanunun layihəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət və Sosial siyasət komitələrinin birgə iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda millət vəkilləri ilə yanaşı, maliyyə naziri Samir Şərifov, Vergilər, İqtisadiyyat və Sanaye Nazirlikləri, Hesablama Palatası, Dövlət Neft Fondu, Auditorlar Palatası, Dövlət Neft Şirkəti və və digər nazirliklər, komitələr, fondlar, xidmətlər, şirkət rəhbərləri də iştirak ediblər.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək Azərbaycanın iqtisadi gücünün hər gün daha da artdığını, ölkəmizin dünyada bu sahədə uğurlu siyasət həyata keçirən dövlətlər sırasında olduğunu bildirib. O, Azərbaycanın 150-dən çox dövlət ilə əməkdaşlıq etdiyini, ölkəmizdə qeyri-neft sektorunun inkişafını vurğulayıb.
"Neftin qiymətinin dünya bazarında aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. "Neft" gəlirlərinin azalması qeyri-neft sektorunun inkişafını sürətləndirir. Dünyada baş verən hadisələr yeni büdcə layihəsinin hazırlanmasına ehtiyac yaradıb və 2016-cı ilin dövlət büdcəsində sosial proqramların davam etdirilməsinə xüsusi önəm verilib", - deyə komitə sədri əlavə edib.
Daha sonra çıxış edən maliyyə naziri S.Şərifov qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsi parlament seçkiləri ilə əlaqədar "Büdcə sistemi haqqında" Qanunda nəzərdə tutulan vaxtdan əvvəl hazırlanıb və Milli Məclisin müzakirəsinə təqdim edilib. Nazir bildirib ki, dünya birjalarındakı qeyri-stabillik və digər səbəblər Azərbaycan iqtisadiyyatına da təsir edib.
Onun sözlərinə görə, xammalın qiymətinin kəskin enməsi neft ölkələrinin gəlirlərinə də təsir edib, milli valyutaların ucuzlaşmasına səbəb olub.
O, 2016-cı ilin dövlət büdcəsində sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını deyib.
Nazir növbəti ilin dövlət büdcəsi haqqında digər məlumatları da iclas iştirakçılarının diqqətinə çatdırıb: "2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardır. Növbəti ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub. Bu da 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır. 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək. 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək. 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1 mlrd. 590 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 3,8% səviyyəsində olacaq. 2016-cı il dövlət büdcəsinin xərcləri ÜDM-in 28,2%-i səviyyəsində və yaxud 2015-ci illə müqayisədə 7,1 faiz-bənd azdır. 2016-cı il dövlət büdcəsinin xərcləri 16,264 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 4,836 mlrd. manat və yaxud 22,9% az deməkdir. Gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 mlrd. manat transfert nəzərdə tutulur ki, bu da 2015-ci illə müqayisədə 4,388 mlrd. manat və yaxud 42,2% azdır".
Sonra İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış edərək növbəti ildə infilyasiyanın 3,3 faiz proqnozlaşdırıldığını bildirib. Onun sözlərinə görə, gələn il neft hasilatı 40,7 mln. ton olacaq.
"2016-cı ildə qeyri-neft sektorunun inkişafı 5,3 faiz artacaq. Qeyri-neft sənayesi növbəti il əhəmiyyətli rol oynayacaq. Ölkədə yaşayış minimumu 136 manat olacaq", -deyə nazir müavini qeyd edib.
Daha sonra müzakirələr başlayıb. Millət vəkilləri qanun layihəsi ilə bağlı fikir və təkliflərini bildirib, maliyyə nazirinə suallarla müraciət ediblər.
Yekunda sözügedən komitələr qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB