Elman Nəsirov: “Azərbaycan Avropanın enerji təhlükəsizliyini kökündən dəyişməkdədir” Açıqlama

Elman Nəsirov: “Azərbaycan Avropanın enerji təhlükəsizliyini kökündən dəyişməkdədir” Açıqlama

"Məlum olduğu kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən dövlətdir. Azərbaycan öz enerji imkanları və onun nəqli ilə Avropanın enerji təhlükəsizliyini kökündən dəyişməkdədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, artıq TANAP və TAP layihələri getdikcə aktuallığını daha da artırır: "Artıq Azərbaycanın atdığı bir çox addımlar , xüsusi ilə də keçən ilin dekabr ayında "Şahdəniz 2" yatağı ilə bağlı yekun investisiya qərarının qəbul edilməsi, eyni zamanda 2013-cü ilin iyun ayının 28-də TAP layihəsi ilə bağlı konsessiumun qəbul etdiyi qərar, bu ilin sentyabr ayının 20-də Cənub Qaz Dəhlizinin təməlinin qoyulması ilə bağlı sənədlərin imzalanması və bu prosesin əsasının qoyulması heç şübhəsiz ki, TANAP və TAP layihələrinin aktuallığını kifayət qədər artırır. Bu layihələrin reallaşdırılması artıq Azərbaycan qazının Avropa bazarına birbaşa çatdırılmasını təmin edəcək.Bundan da həm istehlakçı tərəflər, həm də Azərbaycan xüsusilə qazanacaq".

Azərbaycanın günümüzdə ixrac etdiyi qazın ölkələr üzrə həcminə də toxunan politoloq deyib ki, TANAP və TAP layihələri sayəsində Azərbaycan Avropa bazarlarına həm təhlükəsiz çıxışı, həm də ixrac artımını daha da gücləndirəcək: "Bilirik ki, Azərbaycan hal-hazırda 4 ölkəyə qaz ixracını həyata keçirir. Bunlardan Türkiyə təxminən 6, 6 milyard kubmetr Azərbaycandan qaz alır. İkinci yerdə Gürcüstandır ki, ildə 1,5 milyard kubmetr Azərbaycandan qaz alıcısıdır. İrana gəldikdə isə, ildə 400 milyon kubmetr qaz alır ki, əvəzində də Naxçıvanın eyni həcmdə qazla təchizatını həyata keçirir. İldə təxminən 2 milyard kubmetr də Rusiya bizdən qaz alır. Ama ilk dəfə 2007-ci ildə müasir Azərbaycanın qazı Yunanıstana gedib çatıb. Düzdür Türkiyə vasitəsilə bu reallaşıb. Türkiyə Azərbaycanın qazını alaraq satışını özü həyata keçirib. Amma faktiki olaraq Azərbaycan qazı Avropa bazarlarına çatıb. Lakin TANAP layihəsi ilə bağlı siyasi qərarın qəbul edilməsi isə, nəticə etibarilə ona gətirib çıxarır ki, ilk dəfə Azərbaycan qazı birbaşa olaraq Avropa bazarına faktiki olaraq çıxma imkanı əldə edir. TANAP layihəsi isə birbaşa bunu təmin edir.

TANAP və TAP layihələri çərçivəsində nəzərdə tutulan marşrutdan danışan Elman Nəsirov bu layihənin həyata keçirilməsindən sonra Azərbaycan iqtisadiyyatında böyük irəliləmə yaşanacağını ifadə etdi: "Onu da qeyd edim ki, Bakı –Tiflis – Ərzurum qaz kəməri ilə Azərbaycan qazı Türkiyənin Ərzurum ərazisinə qədər gedib çatır. TANAP layihəsi isə, Ərzurumdan həmin qazı alıb artıq Yunanıstan sərhəddinə kimi aparır. Türkiyə ilə Yunanıstan sərhəddində isə artıq TAP layihəsi işə düşür və bu kəmərlə Azərbaycan qazı Albaniyadan və Yunanistandan keçməklə Adriatik dənizinin dibi ilə İtaliyaya çatır. İtaliyadan isə, Qərbi Avropanın digər ölkələrinə gedir. Heç şübhəsiz ki, bu TANAP və TAP layihələri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artıq xüsusi mövqeyi olan layihələrdir. Onu da nəzərə alaq ki,bu layihələrin reallaşması nəticəsində Azərbaycan ildə təxminən 60 milyard kubmetr qazı Avropa bazarına çıxarmasını təmin edə bilər ki, bundan da ölkəmizin iqtisadi inkişafı üçün çox böyük fayda olar".

Bütün xəbərlər Facebook səhifəmizdə