Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "Hidroböhran, hidromünaqişələr, hidrostrategiya" adlı yeni nəşri çapdan çıxıb. SAM-dan SİA-ya verilən məlumata görə, beynəlxalq təşkilatların hesabatlarına əsasən 2025-ci ildən sonra qlobal içməli su qıtlığı problemi dünyanın bir sıra ölkələrinə əsas siyasi-iqtisadi təzyiq vasitəsinə çevriləcək, ekstremist və separatçı qruplaşmaların terror-təxribat aktlarının hədəfləri iri sənaye müəssisələri, neft mədənləri deyil, məhz şirin su mənbələri olacaq.
BMT-nin statistikasına görə, təkcə son 50 il ərzində şirin su ehtiyatlarına nəzarət uğrunda 500 siyasi qarşıdurma və 37 silahlı toqquşma baş verib. SAM-ın elmi işçisi Araz Qurbanovun müəllifi olduğu kitab qlobal ekoloji və sosial-siyasi problemə – su çatışmazlığına, onun təhdid kimi istifadəsinə, dünyada şirin su zəminində baş verən və proqnozlaşdırılan münaqişələrə, bu qarşıdurmaların aradan qaldırılmasına yönəldilmiş səylərə həsr olunub.
Eyni zamanda, Azərbaycan Respublikasının təbii hidroloji vəziyyətindən, ölkəmizin üzləşdiyi problemlərdən və onların həlli istiqamətində aparılan hidrostrateji tədbirlərdən, su ehtiyatlarının qorunması və səmərəli istifadə olunması məqsədilə xarici ölkələrin qabaqcıl təcrübələrindən geniş bəhs olunub, müvafiq tövsiyələr verilib.
Bundan başqa, bəzi qonşu dövlətlərin xüsusilə Ermənistanın transsərhəd su ehtiyatlarından, işğal altında olan ərazilərdəki hidrotexniki qurğulardan ölkəmizə qarşı hidrosiyasi təzyiq vasitəsi kimi istifadə olunması imkanları da araşdırılıb, onlara beynəlxalq hüquq müstəvisindən qiymət verilib.
Qeyd edək ki, kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB