Mərkəzi Bankın imkanları genişləndirilib

Mərkəzi Bankın imkanları genişləndirilib

Mərkəzi Bankın əsas kommunikasiya vasitələrindən biri olan rəsmi internet səhifəsinin istifadə imkanları genişləndirilib. Mərkəzi Bankdan SİA-ya verilən məlumata görə, müasir tələblərə cavab verən, rahat istifadə imkanlarına malik, müasir mobil platformalara, əməliyyat sistemlərinə adaptasiya olunan və innovativ modulların tətbiq olunduğu yeni internet səhifə hazırlanıb. Mərkəzi Bankın rəsmi internet ünvanı isə (www.cbar.az) yeni səhifəyə yönəldilib.

Yenilənmiş səhifə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələblərin təsdiq edilməsi haqqında" qərarından irəli gələn tələblərin reallaşdırılmasını da təmin edib.

Mərkəzi Bankın yenilənmiş səhifəsinin hazırlanması prosesində ən qabaqcıl mərkəzi bankların mütərəqqi təcrübəsindən yararlanaraq, internet səhifədə axtarış funksionallığı genişləndirilib. Xüsusi naviqasiya imkanları yaradılıb, səhifənin dinamik əsasda daim zənginləşdirilməsi imkanları daha da artırılıb, əlavə məlumatların yerləşdirilməsi təmin edilib.

Yenilənmiş səhifənin "IPhone", "Android", "Black Berry" kimi yeni kommunikasiya cihazları üçün uyğunlaşdırılan versiyaları mobil platformalarda saytın ziyarətçilərinə daha əlverişli istifadə imkanları verir.

Mərkəzi Bankın internet səhifəsində əlamətdar hadisələri əks etdirən xüsusi səhifələrin açılması praktikası davam etdirilir . Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə xüsusi səhifə də öz əksini tapıb. Səhifədə yubiley münasibəti ilə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş silsilə tədbirlər haqqında geniş məlumatlar yerləşdirilib.

Qeyd edək ki, təhlükəsizliklə bağlı tələblərə tam cavab verən yeni səhifənin məzmun etibarilə zənginləşdirilməsi və texnoloji baxımdan təkmilləşdirilməsi işləri daim diqqətdə saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə