"İdxal olunan məhsullar 0% ilə 15% arasında gömrük rüsumlarına cəlb olunur" - EKSPERT FİKRİ

"Gömrük rüsumları birbaşa və ya dolayısı ilə qiymət artımlarını şərtləndirən əsas amillərdən biridir. Azərbaycanda mövcud qanunvericiliyə əsasən, idxal olunan məhsullar 0% ilə 15% arasında diferensial dərəcələrlə gömrük rüsumlarına cəlb olunur. Bu ödənişlər nəticədə məhsulun maya dəyərinə əlavə olunur və sonda istehlakçıya təqdim edilən satış qiymətinə birbaşa təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, məhsulun son qiymətinin formalaşması zamanı gömrük rüsumları üzrə əlavə xərclər mühüm rol oynayır: "Bu, təbii olaraq, istehlakçı davranışına və bazar strukturuna da təsir edir. Lakin bu təsir məhsulun növündən asılı olaraq dəyişir. Belə ki, məhsullar əvəz edilə bilən və əvəz edilə bilməyən olmaqla iki qrupa bölünür.

Əvəz edilə bilməyən məhsullar – məsələn, dərman preparatları, bəzi tibbi cihazlar və ya spesifik sənaye avadanlıqları – üçün tələb elastik deyil. Yəni bu məhsullarda qiymət artımı olsa belə, tələbin səviyyəsi ciddi şəkildə dəyişmir, çünki bu mallar həyat üçün vacibdir və məcburi xarakter daşıyır.

Digər tərəfdən, əvəz edilə bilən məhsullar – məsələn, geyim, bəzi qida məhsulları və ya elektronika – üçün vəziyyət fərqlidir. Bu məhsullar üzrə qiymət artımı tələbin azalmasına səbəb olur. Bu isə nəticə etibarilə həmin məhsullar üzrə idxalın da azalması ilə müşayiət olunur. Əksinə, rüsumların azaldılması bu məhsullara olan tələbi artıra və idxalı stimullaşdıra bilər.

Qiymətləndirmə apararkən iki əsas amil nəzərə alınmalıdır: birincisi, məhsul üzrə tələbin elastikliyi; ikincisi isə tətbiq olunan gömrük rüsumunun səviyyəsi. Bu iki faktor birlikdə istehlakçı davranışına müxtəlif dərəcədə təsir edir və qiymətlərin formalaşmasında mühüm rol oynayır. İstənilən halda, bu təsirlər bazarda hiss olunur və iqtisadi münasibətləri yönləndirir".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə