MM vergi-rüsumdan azadetmə sənədinin icazələr siyahısına salınmasını təsdiqləyib
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalının 2033-cü ilə qədər əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad edilməsi ilə bağlı təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir. SİA xəbər verir ki, bununla bağlı “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, qanun layihəsi “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 dekabr 2022-ci il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qanunlara uyğun hazırlanıb.
Xatırladaq ki, azadolma Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı əsasında - 2023-cü il yanvarın 1-dən 10 il müddətinə İqtisadiyyat Nazirliyinin verdiyi təsdiqedici sənəd əsasında tətbiq olunur. Qeyd edilən təsdiqedici sənədin “sahibkarlıq fəaliyyətinə verilən icazə” xarakterli olması nəzərə alınmaqla, “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsi yeni redaksiyada verilir, bununla da həmin təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir.
Qanun layihə müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə