"Qiyməti qaldırır və daha artıq qazanır" - EKSPERT İRAD BİLDİRDİ

“Bildiyiniz kimi artıq Novruz bayramı yetişib və ölkədə əhali hazırlıqlara başlayıb. Ət, çərəzlər, şirniyyatlar və tərəvəzlərdə də müəyyən bahalaşma yavaş-yavaş özünü göstərir. Adətən Avropa ölkələrində bayram ərəfəsində qiymətlər ucuzlaşır. Azərbaycanda isə tam əksinə bayram ərəfəsində bayram üçün alınan məmulatların qiyməti hər zaman qalxır. Bu bütün iqtisadiyyatlarda iqtisadiyyatın quruluşundan asılı olan məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Azərbaycanda iqdisadiyyat inhisarçı iqtisadiyyatdır. İnhisarçı iqdisadiyyatda sahibkar həmişə dövriyyəni nəzarətdə saxlayır. Dövriyyə azalan zaman qiymətlər sabitləşir, bahalaşma bir qədər cilovlanır. Dövriyyə sürətlənir və o zaman inhisarçılar daha çox qazanmaq üçün qiymətləri qaldırmağa başlayırlar. Məsələn, onlar düşünürlər ki, 100 kq qozu 7 AZN-ə satsam, 100 AZN əlavə gəlir əldə edirəm. Qiyməti qaldırır və daha artıq qazanır.

Hər zaman çox satılan məhsulun qiyməti qalxır. Lakin rəqabətli bazarda mənzərə tamam başqadır. Burada sahibkarlar arasında amansız mübarizə gedir. Hər bir sahibkar qiyməti 1 qəpik belə qaldıran zaman yüz ölçür bir biçir. Yəni, araşdırmalar, tədqiqatlar apararaq, öz rəqiblərinin satış qiymətləri ilə maraqlanaraq həll edir. Rəqabətli bazar üçün ən çətin iş qiyməti bahalaşdırmaqdır. Ona görə də sahibkarlar rəqabətli bazarda mənfəəti artırmaq üçün qiymət bahalaşmasına getmirlər.Başqa variantlar
axtarırlar. Məsələn, məhsulun maya dəyərinin aşağı salınması üçün qiymətləri qaldıran vaxt keyfiyyət dəyişikliyinə gedirlər,üzərində daha əlavə məhsullar təklif edirlər və s.

Hər kəs qiyməti daha ucuz təqdim etmək istəyir ki, rəqib qarşısında öz üstünlüyünü nümayiş etdirsin. Bununla da özünə daha çox müştəri cəlb edir. İnhisarçı bazarda rəqib yoxdur. Müştəri hara getsə də yenə həmin yerdən satın alacaq. Bizdə bazarlar, mağazalar və marketlər də çoxdur. Amma onların hər birinin mərkəzləşmiş bir neçə sahibi vardır və bu sahələr inhisardadır. Buna görə də biz hara getsək də gedib müxtəlif yerlərdən olacaq şəkildə bir nəfərdən satın alırıq.O bir nəfər də hər yerdə qiyməti qaldırır. Azərbaycanda nəyin qiyməti qalxırsa, o bütün bazarlarda bahalaşır. Bu da inhisarçılığın göstəricilərindən biridir. Əsas məsələ inhisarçılıqdır və daha sonra qıtlıq gəlir. Ölkədə ərzaq məhsulları qıtdır. Buna görə də biz məcbur olaraq onu idxal edirik. İdxal yerli istehsala nisbətən daha baha başa gəlir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə