10 işəgötürən 105 min manat cərimələnib

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ötən il tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 30 səyyar yoxlama tədbiri həyata keçirib və 12 yoxlama tədbirində pozuntu halı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd olunub ki, monitorinqlər zamanı 1 002 nəfər işçi yoxlanılıb, 57-nin əmək və ya xidməti (mülki) müqaviləsi olmadan çalışdığı aşkarlanıb.

Monitorinq olunmuş işəgötürənlər üzrə qeyri-formal məşğulluq səviyyəsi 5,6% olub.

Yoxlanılmış işçilərin 110 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən olunub. Monitorinqlər keçirilməyə başlanıldığı dövrdə tikinti obyektlərinin inşası ilə məşğul olan işçilərin təqribən 29,9%-i əmək müqaviləsi bağlanılmadan çalışırdısa, hazırda bu göstərici 5,6%-ə qədər azalıb.

Keçirilən yoxlama tədbirləri zamanı əmək və ya xidməti müqaviləsi olmadan 10 nəfərdən az şəxsi işə cəlb etmə ilə bağlı 12 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib.

Ümumilikdə 6-sı hüquqi və 6-sı fiziki şəxs olmaqla, 12 işəgötürəndən 10 işəgötürən barədə inzibati xəta faktı təsdiq edilib. Bu faktlar üzrə 105 min manat həcmində inzibati cərimə tətbiq edilib.

Əmək və ya xidməti müqavilə olmadan 10 nəfər və daha çox şəxsi işə cəlb etmə ilə bağlı ümumilikdə 1 hüquqi şəxs olmaqla 1 işəgötürən üzrə pozuntu halı qeydə alınıb və bu faktlar aktlaşdırılaraq baxılması üçün Baş Prokurorluğa göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə