Dünya Bankı ilə mövcud layihələr müzakirə olunub

Fevralın 28-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində Dünya Bankının ölkəmizin də daxil olduğu seçki qrupu üzrə yeni təyin olunmuş İcraçı direktoru xanım Beatris Meyzer ilə görüş keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Maliyyə naziri Sahil Babayev ölkəmizin Dünya Bankı ilə əməkdaşlığından məmnunluğunu ifadə edib, Azərbaycan hökumətinin bu əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. Uzun illər müxtəlif sahələr üzrə maliyyələşdirilən layihələrin, göstərilən texniki yardımların ölkəmizin sosial-iqtisadi inkişafına böyük töhfə verdiyi qeyd olunub.

Görüş zamanı ölkəmizlə bank arasında Azərbaycan üçün prioritet sahələr üzrə müəyyən olunmuş istiqamətlərdə mövcud və icrasına başlanılacaq layihələr nəzərdən keçirilib.

S.Babayev Beatris Meyzeri yeni təyinatı münasibətilə təbrik edərək fəaliyyətində ona uğurlar arzulayıb, əvvəlki icraçı direktorlar kimi bankla Azərbaycan arasında tərəfdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə