Noyabrda dünya ərzaq qiymətləri 10,7 faiz ucuzlaşıb

...2023-cü ilin noyabr ayında dünya ərzaq qiymətləri 2022-ci ilin noyabr ayı ilə müqayisədə 10,7 faiz azalıb, yenidən işlənmiş oktyabr səviyyəsi ilə müqayisədə isə dəyişməyib. SİA FAO-nun hesabatına istinadən xəbər verir ki, onların indeksi 120,4 bal təşkil edib. Taxılın qiymət indeksi oktyabr ayı səviyyəsindən 3 faiz, ötən ilin rekord dəyərindən isə 19,4 faiz aşağı olub.

Yem taxıllarının dünya qiymətləri ay ərzində ən əhəmiyyətli dərəcədə - 5,6 faiz azalıb ki, bu da ilk növbədə qarğıdalının dünya qiymətlərinin kəskin azalması ilə əlaqədar olub.

Bitki yağının qiymət indeksi üç aylıq davamlı enişdən sonra oktyabr ayı ilə müqayisədə 3,4 faiz artıb. Noyabrda süd məhsullarının qiymət indeksi oktyabr ayı ilə müqayisədə 2,2 faiz artıb. Qeyd edilir ki, artım ikinci aydır ki, davam edir. Lakin illik ifadədə qiymətlər 16,9 faiz azalıb.

Ötən ay ətin qiymət indeksi oktyabr ayı ilə müqayisədə 0,4 faiz, keçən ilin noyabr ayı ilə müqayisədə isə 2,4 faiz aşağı olub. Bu rəqəmlər quş əti, donuz əti və mal ətinin qiymətlərində cüzi enişi əks etdirir.

Noyabrda şəkərin qiymət indeksi oktyabr ayı ilə müqayisədə 1,4 faiz, illik ifadədə isə 41,1 faiz artıb.

Yeri gəlmişkən, FAO Ərzaq Qiymətləri İndeksi beş əsas ərzaq əmtəə qrupu üzrə beynəlxalq qiymət hərəkətlərini izləyən orta çəkili göstəricidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə