Yeni il günü restoranlar niyə od tutub yanır? - ARAŞDIRMA

Son günlər bir çox ailənin müzakirə mövzusu Yeni il bayramını harada və necə keçirməklə bağlıdır. Təbii ki, bu bayramı evdə qeyd etməyənlər maddi durumu yaxşı olan insanlardır. Çünki məlum olduğu üzrə, bayram günləri restoranlarda adambaşı qiymət 2-3 qatına yüksəlir. Buna da hamının imkanı yoxdur. Yəni, yerdə qalan ailələr bayramı evdə qeyd etməyə daha çox üstünlük verirlər.

SİA mövzu ilə bağlı araşdırma apararaq 31 dekabr tarixində restoranlarda adambaşına olan qiymətləri araşdırıb.

“Cratos Restoran” - Menyu, yemək-içmək, spirtli içki və konsert proqramı daxil bir nəfər üçün biletin qiyməti 150-200-250 manatdır. 5 yaşına qədər uşaqlar pulsuzdur. 5-12 yaş arası yarı qiymət, 12 yaşdan yuxarılar isə tam qiyməti ödəməlidir.

“Yeniozais Restoranı” - 31 dekabr yeni il gecəsi üçün biletin qiyməti 2 nəfərə qədər adambaşı 150 manat, əgər say 2 nəfərdən çoxdusa adambaşı 100 manatdır.

“La Chateau Restaurant” - 31 Dekabr tarixində baş tutacaq tədbirdə 1 nəfər üçün menu daxil olmaqla qiymət 150-200 azn təşkil edir.

“Bakucastle restaurant” -
2 nəfərlik masa - 250 azn (menyu daxil)
4 nəfərlik masa - 400 azn (menyu daxil)
6 nəfərlik masa - 550 azn (menyu daxil)
Qeyd edək ki, bu məbləğ, sadəcə, bilet qiyməti deyil, menyu daxildir”.

“Niaqara Restaurant” - Şou proqram 31 dekabr saat 19:00 da baş tutacaq. Qiymət 250 - 300 AZN arası yerləşməyə görə dəyişir.
Biletə fiks menyu daxildir”.

“Narsharab Restaurant” - Yeni il gecəsi Kristal zalda 1 nəfər üçün 200 azn, Golden zalda 1 nəfər üçün 120 azn təşkil edir.

Şərtlər: Minimum 4 nəfərlik rezervasiya qəbul olunur.

Gördüyünüz kimi, minimum qiymət 100 AZN-dən başlayır. Yəni, normal maaşla yaşayan ailənin bu imkanlardan yararlanması mümkün deyil.

İndi isə keçənilki qiymətlərlə bu ilin qiymətlərini müqayisə edək.

"Kaddeh Baku" : Səhnə önü 250, qıraq yerlər 200, Vip zona adambaşı 150 AZN-dır. Lojalar 1500 AZN adam sayı: maksimum 6 nəfər.

Qeyd edək ki, qiymətə menyu daxil deyil.

"Private steak gallery" : Səhnəyə yaxın masalar 250 AZN-dır. Qış bağçasındakı ön masalar 220, arxa masalar isə 190 AZN-dır.

"Yüngül Cinayətlər" : 2 nəfər üçün depozit 300 AZN-dır.

"Gəmi Muzeyi Restoranı" : Adambaşı 120 AZN idi.

Bəs, Yeni ili restoranda qeyd edə bilməyənlər onu evdə necə daha maraqlı edə bilər?

Gözəl bir masa hazırlayın

Yeni il günü gözəl bir masa hazırlayın. Ailə üzvləriniz və sevdiklərinizlə bayramı daha yaddaqalan edə bilərsiniz. Səmimi və qonaqpərvər bir mühit yaradın.

Evi bəzəyin

Yeni il ruhunu tam hiss etmək üçün evi bəzəmək çox vacibdir. Bəziləri hətta bayramdan 1 ay əvvəldən bəzək-düzək işlərini hazır edir. Bunu edərkən mütləq uşaqlarınızı işə cəlb etməlisiniz. Çünki proses onlar üçün çox maraqlı olacaq.

İsti bir bayram guşəsi hazırlayın. Yalnız sizin üçün kiçik bir guşə kifayətdir ki, hər dəfə evə girəndə üzünüzü güldürsün. Zövqünüzə uyğun seçdiyiniz şamları yandırın, qırmızı çiçəkləri adi şüşə vazalara qoyun.

Oyun oynayın

Yeni il gecəsi hər kəsin yığışıb stolüstü oyunlar oynaması çox maraqlı olacaq.

Maraqlı film izləyin

Ailəliklə Yeni ilə daxil olarkən maraqlı filmlər izləyərək müsbət auranı daha çox hiss edə bilərsiniz. Unutmayın ki, Yeni il mövzusunda olan filmlər çox əyləncəlidir və enerjinizi artıracaq.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri və Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi: "Dünyada və regionda baş verən siyasi, iqtisadi, sosial hadisələr bir çox ölkələrin məhsul idxal-ixrac proseslərini, o cümlədən logistikanı pozmuşdur.

Bunların nəticəsində qida məhsullarının qiymətləri artmış və hələ də bəzilərininki artmaqdadır. Digər tərəfdən bir sıra xidmətlərin qiymətlərinin və əmək haqqının ölkədə artması müşahidə olur.

Nəticədə, restoran biznesində qiymət artımı baş verir.
Bayram və xüsusilə, Yeni il bayramlarında restoran xidmətlərinə tələb artır, hamı bayramı qeyd edir, banketlər, ziyafətlər və digər tədbirlər keçirilirlər. Tələbin artması halında isə təkliflərin qiymətləri artırlar.

Bəzi hallarda əsassız qiymət artımı da müşahidə olur, bu ədalətli biznes prinsiplərini pozur. Belə hallara diqqətli olmalıyıq. Biz bu kimi hərəkətləri biznesdə və ümumilikdə qınayırıq.

Oxuculara tövsiyə etmək istərdim ki, tədbirlərini öncədən planlasınlar ki, son məqamda təklif olan yüksək qiymətlərlə və məhdud saylı təkliflərlə üzləşməsinlər. Hamıya şən Yeni il tətilləri arzulayıram!".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə