Media Reyestri media orqanlarına və jurnalistlərə nə vəd edir? - ANALİZ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Media Reyestrinin aparılması Qaydaları” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Media Reyestrinin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.

4. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi:

4.1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Media Reyestrinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsünlər;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

“Media Reyestrinin aparılması Qaydaları”nan əsas məqamları nəzərinizə çatdırmaq istəyirik.

Media Reyestrinin fəaliyyət prinsipləri

Reyestr aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

- istifadə rahatlığı,

- fasiləsizlik

- operativlik

- şəffaflıq

Reyestrin aparılması qaydaları

Reyestrin informasiya təminatı Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər və Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən məlumatların təqdim edilməsi, həmçinin EHİS vasitəsilə sorğu edilən məlumatların inteqrasiya olunması yolu ilə həyata keçirilir.

Reyestrə daxil edilmək üçün müraciət edən şəxslər, o cümlədən jurnalistlər tərəfindən məlumatlar təqdim edildiyi tarixdən 5 (beş) iş günü müddətində Reyestrin operatoru çatışmazlıqların olub-olmamasını yoxlayır və çatışmazlıqlar aşkar edilmədikdə Reyestrə daxil edir. Reyestrə daxil edilmiş media subyektlərinə müddətsiz şəhadətnamə, jurnalistlərə isə 3 il müddətinə vəsiqə verilir.

Təqdim edilmiş məlumatlarda imtinaya səbəb olmayan çatışmazlıqlar müəyyən edildikdə, müraciət edən şəxslərə, o cümlədən jurnalistlərə bu Qaydaların 6.2-ci bəndində nəzərdə tutulmuş müddətdən- 5 gündən gec olmayaraq, çatışmazlıqlar qeyd edilməklə onların aradan qaldırılması barədə elektron qaydada bildiriş göndərilir.

Çatışmazlıqlar bu Qaydaların 6.3-cü bəndində qeyd edilən müddətdə aradan qaldırılmadıqda, Agentlik tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal həmin şəxslərin yenidən müraciət etməsinə mane olmur.

Reyestrə daxil edilmək üçün müraciətdən imtina qaydaları

Reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur:

-Qanunun 26.1 – 26.5-ci və 26.8-ci maddələrində nəzərdə tutulmuş tələblərə (Qanunun 69.2-ci maddəsi nəzərə alınmaqla) uyğun olmadıqda;

- fəaliyyəti davamlı olmadıqda (müraciət tarixinə qədər media sahəsində fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);

- fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda;

- hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmış olmadıqda;

- fiziki şəxs olduqda fərdi sahibkar kimi vergi uçotuna alınmış olmadıqda;

- loqotipi (emblemi) Reyestrdə olan digər media subyektlərinin redaksiyalarının loqotipləri (emblemləri) ilə eyni və ya oxşar olduqda.

Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur:

- ali təhsili olmadıqda;

- fəaliyyət qabiliyyətli olmadıqda;

- ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə;

- məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;

- media subyekti ilə əmək müqaviləsi olmadıqda (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);

- Reyestrə daxil edilməmiş media subyektində işlədikdə;

- işlədiyi media subyekti davamlı fəaliyyət göstərmədikdə (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);

- fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda;

- işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə Qanunun 59.7-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olduqda;

- jurnalistika sahəsi üzrə iş stajı 3 (üç) ildən az olduqda və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az fəaliyyət göstərdikdə;

- jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası (etik davranış) qaydalarına riayət etmədikdə;

- fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işlədikdə.

Media Reyestri nəyə səbəb olacaq?

Media Reyestri media sahəsində nizam yaratmaq, media subyektlərinin və jurnalistlərinin fəaliyyətinin düzgün təşkili və onlara mümkün imkanların yaradılmasını təmin etmək üçün yaradılır.

Jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllülük prinsipi əsasında həyata keçiriləcək. Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsinin təqdim olunması onların daha rahat fəaliyyətinə imkan yaradacaq, media subyektləri və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin edəcək.

Reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər. Media Reyestri jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsini təmin edəcək. Lakin Reyestrə daxil olmayan media subyektlərinin və jurnalistlərin fəaliyyətinə heç bir maneədən söhbət gedə bilməz.

Media sahəsində aparılan dəyişikliklərdən sonra keyfiyyətli xəbər istehsalının təmin edilməsi asanlaşacaq. Bundan başqa, müəlliflik hüquqlarının qorunması da mümkün olacaq. Hazırda bu sahədə çoxlu problemlər var və bəzi hallarda bu məsələlər məhkəmə səviyyəsinədək gedib çıxır.

İndi ortalıqda 50 mindən artıq saxta jurnalist vəsiqəsi ilə dolaşan var ki, bu da medianı gözdən salmaqla yanaşı, cəmiyyətə də problem yaradır, reketçiliyə, dezinformasiya yayılmasına şərait yaradır. Ona görə də, əsil jurnalistlərin ümumi bir reyestri olması məqsədəuyğun hesab edilir.

Lakin Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Qanunda təsbit olunan “jurnalist anlayışı” xidmət müqaviləsi əsasında işləyən jurnalistləri də əhatə edir. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər. Reyestrin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinə və onların işçilərinə tanınan hüquqların müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsidir.

İndi ortalıqda 50 mindən artıq saxta jurnalist vəsiqəsi ilə dolaşan var ki, bu da medianı gözdən salmaqla yanaşı, cəmiyyətə də problem yaradır, reketçiliyə, dezinformasiya yayılmasına şərait yaradır. Ona görə də, əsil jurnalistlərin ümumi bir reyestri olması məqsədəuyğun hesab edilir. Bir çox ölkələrdə bu sistem çoxdan fəaliyyət göstərir həm də effektli şəkildə. Reyestr və vahid vəsiqə əsil jurnalistlərə azad və peşəkar işləmək üçün böyük imkanlar açır, onlara bəzi imtiyazlar verir. Bu səbəbdən belə bir reyestrin mövcudluğu mediamızın inkişafına təkan verə bilər.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə