“Xarıbülbül” festivalının keçirilməsi çox böyük tarixi və mədəni hadisədir - DEPUTAT ŞƏRH ETDİ

“Şuşada keçirilən V Beynəlxalq “Xarıbülbül” festivalının böyük tarixi əhəmiyyəti var”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Onun sözlərinə görə, erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqları işğala məruz qalanadək “Xarıbülbül” festivalı Şuşada keçirilirdi: “Böyük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Ötən ildən başlayaraq ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” beynəlxalq festivalı yenidən keçirilməyə başladı. “Xarıbülbül” festivalının Şuşada keçirilməsi bir daha onu göstərir ki, torpaqların əsl sahibləri artıq bu torpaqlara qayıdıb və bundan sonra da bu ərazilərdə əbədi olaraq yaşayacaqlar. Eyni zamanda bu festival bir daha onu göstərir ki, Azərbaycan nə qədər multikultural bir ölkədir. Bu dövlət tolerantlıq dəyərlərini qoruyub, inkişaf etdirən bir dövlətdir. Eyni zamanda belə mötəbər festivalların keçirilməsi bir daha dünyanın diqqətini Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına yönəldib. Burada erməni vəhşilikləri, erməni vandallıqları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bir tərəfdən də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə burada həyata keçirilən böyük yenidənqurma və bərpa işlərini bütün dünya görmüş olur. Şuşa ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Mədəniyyət paytaxtı elan olunmuşdur. Bu il Şuşanın 270 illiyi qeyd olunur. Bununla əlaqədar belə möhtəşəm tədbirlərin həyata keçirilməsi çox böyük rəmzi məna daşıyır. Digər tərəfdən Şuşa Azərbaycanın Mədəniyyət paytaxtı kimi həm də diplomatik bir mərkəzə, siyasi-ideoloji bir mərkəzə çevrilir. Şuşanın həm də Azərbaycan üçün çox böyük strateji-mənəvi mənası var. Düşünürəm ki, V “Xarıbülbül” festivalının keçirilməsi çox böyük tarixi və mədəni hadisədir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə