Festivalın bağlanış mərasimi keçirildi...

Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayının və “OperaVision TV”in birgə təşkilatçılığı ilə oktyabrın 20-də II Beynəlxalq Vokalçılar Festivalının bağlanış mərasimi keçirilib.

SİA xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov çıxış edərək festivalın əhəmiyyətindən söz açıb. Festivalın Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması məqsədilə keçirildiyini söyləyən nazir deyib: “Çox şadam ki, belə bir festivalı Azərbaycanda keçiririk və dəstək göstəririk. Opera sənəti ümumbəşər bir dəyərdir. Azərbaycanın opera sənətinin öz ənənələri var. Azərbaycan milli opera sənətinin tarixi dahı bəstəkarımız Üzeyir Hacıbəylinın 113 il bundan əvvəl tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlayıb. Bu sənət Üzeyir Hacıbəylidən sonra Müslim Maqomayev, Əfrasiyab Bədəlbəyli, Maestro Niyazi, Soltan Hacıbəyov tərəfindən daha da inkişaf etdirilib. Azərbaycan operası dünya operası ailəsinə daxil olub. Vokal sənətinin banisi olan Bülbülün davamçıları bu günə qədər Azərbaycan opera, vokal sənətini dünyanın ən mötəbər səhnələrində səsləndirirlər”.

Qeyd edilib ki, festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiəti ilə tanınmış Azərbaycan və xarici vokalçıların, eləcə də istedadlı gənclərin ifasında təqdim olunub. Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Gəncə Dövlət Filarmoniyasında bir-birindən maraqlı konsertlər, musiqili tamaşalar, romanslar, təqdimatlar, elmi praktik konfranslar, ustad dərsləri və s. təqdim olunub. Konsert proqramlarında dünya şöhrətli bəstəkarlar Ü.Hacıbəyli, F.Əmirov, Niyazi, M.Maqomayev, C.Verdi, Motsart, C.Puççini, A.Vivaldi, C.Bononçini, G.Hendel, K.Glük, A.Skarlatti, A.Monteverdi, C.Perqolezi və başqalarının əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə