Almaniyanın paytaxtı Berlində 28 May Respublika günü münasibəti ilə konsert proqramı təşkil olunub. SİA-nın Almaniyadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, tamaşaçılara Litva dövlət simfonik orkestrinin ifasında Azərbaycan klassiklərinin əsərləri təqdim olunub. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı keçirilən konsertə çoxsaylı tamaşaçı gəlib. Konsert Berlinin mötəbər mədəni tədbirlərinin keçirildiyi, möhtəşəm zala malik filarmoniyada baş tutub. 28 May Respublika günü ilə bağlı konsertin məhz bu ünvanda keçirilməsi Azərbaycan-Almaniya əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verirdi. Almaniyanın tanınmış ictimai-siyasi xadimlərinin də Konserti izləmək üçün Berlin filarmoniyasına toplaşması isə şübhəsiz ki, Azərbaycan mədəniyyəti, o cümlədən musiqisinə bu ölkədə olan yüksək maraq və diqqət deməkdir.
Konsertin açılışında çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov vurğulayıb ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürsə də, bu müddət ərzində çox mühüm işlər görülüb. Pərviz Şahbazov hazırda ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etməsindən danışıb. Azərbaycan xalqını Respublika günü münasibəti ilə təbrik edən Litvanın Almaniyadakı səfiri Lindauqats Butkus vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi Azərbaycan mədəniyyətinin Avropada daha yaxşı tanıdılması üçün mühüm rol oynayır. Almaniya xarici işlər nazirinin müavini Horneliya Biter isə qeyd edib ki, Respublika günü ilə bağlı konsertin Berlin filarmoniyasında keçirilməsi əlamətdar hadisədir. "Azərbaycan çox qədim və zəngin mədəniyyətə malikdir. Bizim bu barədə çoxlu məlumatımız var"-deyə Almaniya xarici işlər nazirinin müavini bildirib.
Konsert dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Koroğlu" üvertürası ilə başlayıb. Sonra Fikrət Əmirov, Qara Qarayevin əsərləri təqdim olunub. Azad Əliyevin dirijorluğu altında litvalı musiqiçilər tamaşaçılara həqiqi zövq yaşadıblar.
Azərbaycanın xalq artisti, Dövlət mükafatı Laureatı Fərhad Bədəlbəylinin pianoda ifası isə konsertə xüsusi rəng qatıb. Konsertdə rusiyalı skripkaçı Sergey Krılovun ifaları da böyük maraqla qarşılanıb. horneliya biter – almaniyanin xarici işlər nazirinin müavini
Almaniya xarici işlər nazirinin müavini Horneliya Biter SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanın böyük sənətçiləri var. Biz bu cür konsertlərdən daha çox təşkil etməliyik. Çünki, almanlar böyük maraq göstərirlər. Azərbaycanın çox maraqlı, qədim və gözəl mədəni irsi var. Şadam ki, müstəqil Azərbaycan Avropa Birliyi ilə çox uğurlu əməkdaşlıq edir. Azərbaycanla Almaniya arasındakı münasibətlər də çoxşaxəlidir. Arzu edirəm ki, bu əlaqələr gələcəkdə daha da genişlənsin.
Berlin sakinlərindən Didter Hanqler, Yohan Fişer, Hayus Qovelben konsertin hədsiz dərəcədə maraqlı keçdiyini dilə gətiriblər. Onlar qeyd ediblər ki, çox gözəl ifaları dinlədik. Bu bizim Berlində adətən eşitdiyimiz musiqidən fərqli idi və bu baxımdan bizi valeh etdi. Burada biz şərq və qərb sintezini hiss etdik. Çox təəssüf edirik ki, indiyədək Azərbaycanda olmamışıq. Biz heç vaxt təsəvvür etməzdik ki, Azərbaycan musiqisi bu qədər gözəldir. Burada biz çox maraqlı və gözəl musiqi dinlədik. Bu gün Berlində Azərbaycan musiqisinin bu cür formatda təqdim olunması ideyası çox əladır.
Şahin Abasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB