“Biz teatrı sevirik”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Biz teatrı sevirik" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov sözügedən layihələrin gənclərin və bütün yaş hədlərini əhatə edən insanların formalaşmasındakı əhəmiyyətli mövqeyini diqqətə çatdırıb: "Biz teatrı sevirik" adlı tədbirin də əsas məqsədi gənc nəslin mənəvi cəhətdən kamilləşməsi, onların dünyagörüşünün formalaşmasıdır. İnanırıq ki, bu layihənin da uğurlu nəticələri tez bir zamanda öz bəhrəsini verəcək".

M.Həmidov teatrın maraqlı yaradıcılıq yolu və bu yolda böyük uğurlara imza atan aktyorlar haqqında da tədbir iştirakçılarına məlumat verib.

Azərbaycan Siyasi İctimai Universitetinin rektoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev Gənc Tamaşaçılar Teatrının gənclərin mənəvi aləminin zənginləşməsindəki vacib əhəmiyyətindən danışaraq repertuar və oynanılan əsərlərin əsasında gənclərin tərbiyə edilməsi məsələsinin hər zaman aktual olduğunu bildirib.

Çıxışlardan sonra xalq şairi Rəsul Rzanın xeyirxahlığı, mehribanlığı, qayğını təcəssüm etdirən "Ana qaz" tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissor və shnələşdirəni Nicat Kazımov, quruluşçu rəssam Mustafa Mustafayev, musiqi tərtibatı Fəxrəddin Dünyamalıyev, rejissor assistetni Manaf Dadaşovdur.

Səhnə əsərində rolları Nicat Kazımov, Kəmalə Hüseynova, Mehriban Hüseynova, Sevinc Mehrəliyeva, Asya Atakişiyeva, Günel Məmmədova, Təhminə Məmmədova, Aybəniz Əhmədova, Elnur Hüseynov, Anar Səfiyev, Ceyhun Məmmədov, Manaf Dadaşov, Elşən Şıxəliyev, Vüsal Mehrəliyev canlandırıblar.

Tamaşa və layihə tədbir iştirakçılarının böyük marağına səbəb olub. Səhnə tərtibatı, işıq effektləri, aktyor oyunu və ümumilikdə hər bir detal tamaşanın uğurlu alınmasına rəvac verib. Səhnə əsəri tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə