Xocalı qurbanlarının xatirəsi Musiqi Mədəniyyəti Dövlət Muzeyində də anılıb

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Xocalı faciəsi haqqında danışıb.

Daha sonra muzeyin şöbə müdiri Xanım Abdinova “Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzusunda çıxış edib. Sonra Xocalı şəhidi Yalçın Əsədovun bacısı Könül Əsədova qardaşı və Xocalı hadisələri haqqında xatirələrini danışıb.

Tədbir çərçivəsində şairə Lalə İsmayıl müəllifi olduğu və əsrin faciəsinə həsr etdiyi “Unutmadıq” kitabı haqqında çıxış edib.

Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənova “Xocalı faciəsi Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusunda, “Xocalı yol gözləyir” rekviyem kompozisiyasının müəllifi, bəstəkar Azad Zahid əsərinin yaranma prosesi və Xocalı hadisələrinə münasibəti haqqında danışıb.

“Xocalı - 613” simfonik poemasının müəllifi, hazırda Türkiyədə yaşayan azərbaycanlı bəstəkar Yusif Mirişli tədbirdə onlayn iştirak edib.

Bütün çıxışlar Xocalı soyqırımını əks etdirən slayd-şou ilə müşayiət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə