Respublika Gənclər Kitabxanası Xocalıya həsr olunmuş silsilə materiallar hazırlayıb

Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, Respublika Gənclər Kitabxanası silsilə xarakterli videomateriallar hazırlayaraq istifadəçilərə təqdim edib. Kitabxanadan SİA-ya bildirilib ki, “Xocalı soyqırımını unutma” adlı videoçarx, “Xocalı qətliamı 29” adlı ingilis dilində virtual sərgi, “Xocalı soyqırımı-qan yaddaşımız” adlı virtual fotosərgi və s. materialların adını çəkmək olar.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan və Xocalı soyqırımının ingilisdilli istifadəçi kütləsi arasındakı təbliğinə yönləndirilmiş “Khojaly massacre 29” (“Xocalı qətliamı 29”) adlı virtual sərgi Xocalı soyqırımının bütün hadisələrini ardıcıllıqla əks etdirir. Virtual sərgidə Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfərin yaralanması, 1275 nəfərin əsir götürülməsi və onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmaması və s. bu kimi faktlar dəqiqliklə, rəqəmlərlə əks etdirilir. Virtual sərgidə o günlərin fotoxronikası da yer alıb.

“Xocalı soyqırımı-qan yaddaşımız” adlı virtual fotosərgidə bu ağrılı, acılı, qəm-qüssə, nisgil dolu 29 il ərzində Xocalı soyqırımı haqqında olan posterlər, fotoçəkilişlər təqdim olunub. Virtual sərgidə Xocalı soyqırımı haqqında olan şüarlara, statistik rəqəmlərə də yer ayrılıb.

Respublika Gənclər kitabxanasının sosial şəbəkə səhifələrində Xocalı faciəsi mövzusuna həsr etdiyi paylaşımlar istifadəçilərin də diqqətindən yan keçməyib. Paylaşımlarımızdan ruhlanan, istifadəçilərimiz tərəfindən Xocalı faciəsinə dair hazırlayıb bizə göndərdikləri materiallar kitabxananın “Instagram” və “Facebook” səhifələrində yerləşdirilib.

Kitabxanada “Xocalı soyqırımı – 29 il” adlı kitab sərgisi də təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...