Ukrayna mətbuatı Azərbaycanın \"Eurovision-2011\"dəki qələbəsindən yazır

Ukrayna mətbuatı Azərbaycanın \"Eurovision-2011\"dəki qələbəsindən yazır

Ukraynanın ən populyar mətbu orqanlarından biri olan "Seqodnya" qəzetinin ilk səhifəsində Eldar və Nigarın iri həcmdə şəkli dərc olunan bugünkü sayında "Eurovision - 2011" müsabiqəsi haqqında yazı çap edilib. SİA-nın xəbərinə görə, Ukrayna jurnalistləri Azərbaycan təmsilçilərinin qələbəsinin gözlənilən olduğunu qeyd ediblər. Hətta Eldar və Nigarın ifa etdikləri mahnının mətninin bir hissəsinin rus dilində tərcüməsini də oxuculara təqdim ediblər. Bununla yanaşı, qəzet Azərbaycanın qələbə qazanması ilə bağlı Rusiyada yaşayan musiqi tənqidçisi Artur Qasparyanın şərhini də dərc edib. "Peşəkar tənqidçi" qələbənin birinci şərti olaraq Türkiyənin birinci turda müsabiqədən çıxmasını və Türkiyə diasporunun üzvlərinin bütövlükdə Azərbaycana səs verməsi ilə izah edib. Daha sonra o, Azərbaycanın dörd ildə "Eurovision müsabiqəsinə külli miqdarda pul vəsaiti ayırdığını göstərib və hətta ötən il bu yarışmaya 10 milyon dollar xərcləndiyini söyləyib. Ənənəvi olaraq öz böhtan və iftiralarından əl çəkməyən ermənilər və özünü tanınmış musiqi tənqidçisi kimi təqdim edən Artur Qasparyan nədənsə bir musiqiçi kimi Eldar və Nigarın ifasına yaradıcılıq baxımından yanaşa bilməyib. Ya onun buna savadı çatmayıb, ya da ki, paxıllıq hissləri hər şeyi üstələyib.

Yeri gəlmişkən qeyd etmək yerinə düşərdi ki, həmişə özlərinin diaspor fəaliyyətindən ağız dolusu danışan ermənilər Azərbaycanın bu parlaq qələbəsindən sonra bir müddət susmağa məcbur olacaqlar. Əslində Ermənistanın birinci turdan yarışmadan kənarda qalmağı şişirdilmiş erməni diasporunun "aktiv" fəaliyyətindən xəbər verir. Azərbaycanın qələbəsi isə dünya azərbaycanlılarının həmrəyliyini bir daha nümayiş etdirdi.

Azər Qardaşlı

Ukraynada nəşr olunan "Azərbaycanın sözü" qəzetinin baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə