“Dünyamızı qoruyaq: türk dünyasının adət-ənənələri” FOTOLAR

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən "Dünyamızı qoruyaq: türk dünyasının adət-ənənələri" adlı onlayn rəsm müsabiqəsi başa çatıb. Fonddan SİA-ya bildirilib ki, göndərilən rəsmlər 12 kateqoriya, o cümlədən "İrsimiz", "Dədə Qorqud", "Adət-ənənələr", "Dünyamızı qoruyaq", "Musiqi", "Novruz", "Səmazənlər", "Milli mətbəx", "Xalçalar", "Türk dünyasının qadınları", "Oyunlar", "Türk birliyi" üzrə onlayn səsvermə yolu ilə seçilib, həmçinin beynəlxalq münsiflər heyəti tərəfindən dəyərləndirilib. 6-9, 10-13, 14-17 yaş kateqoriyalarına daxil olan uşaqların arasından I, II, III yerlərin sahibləri, "Sülh", "Birlik, "Bilik", "Dostluq" nominasiyaları və Qran-Pri mükafatı üzrə qaliblər beynəlxalq münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.

Qeyd edilməlidir ki, müsabiqəyə Fonda üzv və müşahidəçi ölkələrdən, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, və Macarıstanla yanaşı, Türkmənistan, Bolqarıstan və Ukraynadan 700-ə yaxın rəsm işləri daxil olub. Qran-Pri mükafatına Məryəm Quluzadə (7 yaş, Azərbaycan) və Elif Bilge Zengin (7 yaş, Türkiyə) layiq görülüblər.

Göndərilən bütün rəsmlər və təsvir mətnləri əsasında Fond tərəfindən illüstrasiyalı kitab nəşr olunacaq. Kitabda türk dünyasının adət-ənənələrinin, mədəniyyətinin və irsinin nə qədər zəngin olduğu daha da aydın görünəcək.

Yeni növ koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar xüsusi karantin rejimi bitdikdən sonra müsabiqədə qalib gələn şəxslər Fond tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Müsabiqənin qaliblərinin işləri https://itchf.org/gallery/ saytında xüsusi yaradılmış qalereyada yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə