Fəridə Məmmədova: “İnsanda daxili mədəniyyət zəngin olanda nəyə desən nail olmaq olur”
Aktirisa - bu peşəni, bu adı daşımaq hər bir qadın üçün çox çətin və məsuliyyətli bir yükdür. Bu ad nə qədər şərəfli, sevilən peşə olsa da yaşadığımız sivilizasiyalı cəmiyyətdə birmənalı şəkildə qarşılanmır . Bu nədən belədir? Qırx ilə yaxındır ki, özüm də səhnədə aktyor kimi çıxış eləyirəm, amma hələ də bu sualın cavabını tapa bilmirəm. Hətta dərindən analiz etməkdə də çətinlik çəkirəm... Bəlkə bunun kökünü dahi pisxoloqlar, sosioloqlar araşdıra bilərlər. “Səhnə qurban tələb edir.” Mən bu sətirlərin müəllifi kimi bir fərd olaraq bu deyimlə razılaşmıram! Səhnə qurban yox, istedad, zəhmət , iş tələb edir. İstedad, zəhmət öz bəhrəsini verəndə də hər bir sənət adamı sevilir, alqışlanır və yeni-yeni uğurlara imza atmağa can atır. Bununla da hər bir yaradıcı sənətçinin aktiv iş rejimi çox müsbət mənada dayanmadan fəaliyyətə başlayır. Aktyorluqdan fərqli olaraq mən məhz aktirisalığın çətin yük olduğunu əbəs yerə yazmadım. Yuxarıda yazdığım ki, özüm də 40 ilə yaxındır ki, profesional səhnədəyəm. Ali təhsilli aktiyoram. Təhsil aldığım illərdən bu günə qədər aktrisaların talehi həmişə diqqət mərkəzimdə olub. Söhbət uğurlu ailə taleyindən gedir. Aktiyorlarda ailələr demək olar ki, normaldır, uğurludur. Aktrisalarında isə belə deyil. Əksər aktrisalarda ailələr uğursuzluğa düçar olublar və ona görə də övladlarını atasız böyütmək məcburiyyətində qalıblar. Elə aktrisalar da var ki, heç ailə həyatı qurmayıblar. Müşahidələrimə görə bu məhz təkcə teatr sahəsində deyil, incəsənətimizin bir çox sahələrində də belədir. Uğurlu ailə sahibi olan aktrisaları - ailə sahiblərini respublikamızda barmaqla saymaq olar. Bu hal, acınacaqlıdır deyilmi? Bəlkə də elə məhz buna görə də deyirlər ki, “incəsənət qurban tələb edir”.Yenə də təkrar edirəm. Amma mən bu fikirlə razı deyiləm! Qeyd etdiyim ailə uğursuzluqlarının əsas səbəbi özünü səhnəyə qurban vermək deyil. Düzünü deyim ki, uğursuz ailələr məhz incəsənət sahəsində deyil bütün sahələrdə də var. Xüsusən də yaşadığımız indiki zamanda demək olar ki, bütün sahələrdə daha çoxdur. Sadəcə incəsənət sahəsi həmişə diqqət və göz qabağında olduğu üçün daha tez seçilir, daha da qabarıq görünür.Yazdığım bu uğursuzluqların fonunda sənətini, səhnəni öz canı qədər sevən sənətçilərimiz çoxdur. Onlar bütün çətinliklərə sinə gələrək nəyin pis, nəyin yaxşı olduğunu səhnədə nümayiş edirirlər. Elə buna görə də onlar əsl alqışlara layiqdirlər.Onlar həm sevirlər, həm də sevdirirlər. Mən də bu müsahibəmdə sizləri belə fədakar bir sənət adamıyla – 51 yaşlı Mingəçevir Dövlət Dram Teatrının gənc aktirisası Fəridə Tərlan qızı Məmmədova ilə tanış edəcəm.
Qısa arayış: Fəridə Tərlan qızı Məmmədova 1991-ci il may ayının 29-da Şəki şəhərində anadan olub. Orta təhsilini Mingəçevir şəhər 14 saylı orta məktəbdə alıb. Sonra Mingəçevir şəhərindəki Turizm Kollecini bitirib. Bir övladı var.
- Fəridə xanım, teatr sahəsindən fərqli olan başqa bir sahəni bitirmisiniz. Bəs necə oldu ki, teatra işləməyə gəldiniz?
- Mən hələ Turizm Kollecində oxuyarkən bu sahəyə marağım çox olub. Əslində düzünü desəm lap orta məktəbdə oxuyanda teatra marağım olub. Bədii öz fəaliyyət dərnəyində iştirak etmişəm. Orada rollar oynamışam. 2008-ci ilin noyabr ayı idi. O vaxt şəhərimizin ad günü idi. Ona görə də Mingəçevirdə ümum şəhər tədbiri keçirilirdi. Bizim Kollec də həmin tədbirdə bir kompozisiya ilə çıxış edirdi. Mən də həmin kompazisiyada çıxış edirdim. Özüm də o vaxt artıq Yevlaxdakı EL televiziyasında aparıcı işləyirdim. (İndiki ARB Aran) və bu tədbirin də aparıcısı idim. Demə teatrın o vaxtki direktoru, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov və baş rejissoru Günay Səttarova bu tədbirdə iştirak edirlərmiş. Onlar məni teatra işə dəvət etdilər. Əvvəl teatrda fəaliyyət göstərən Teatr-Studiyada Xalq artistləri Zülfüqar Abbasovdan, Ella Yaqubovadan, Əməkdar artistlər Qəmər Məmmədovadan, Akif Mirabovdan dərs aldım. Onlar əllərindən gələni eləyirdilər ki, biz, Teatr -Studiyasında təhsil alanlar, teatr sənətinin incələklərinə yiyələnək. Onların hər birinə minnəttaram. Sonralar isə qədəmlərim böyük səhnəyə açıldı. O günləri çox yaxşı xatırlayıram. Həsən müəllim və Günay xanım çox yaxşı adam idilər... Elə həmin ilin dekabr ayında yeni il şənliyində ilk dəfə olaraq böyük səhnədə Qar qız rolunu mənə etibar etdilər. Bax bununla da böyük səhnədə işlərim başlandı. İndinin özündə də kiçik bir uğurum olanda belə o günləri böyük bir sevnc hissi ilə xatırlayıram... Amma özüm də bilmirəm nədənsə həmişə kövrəlirəm... (O, yenə də kövrəldi.)
- Axı özünüz qeyd dediniz ki, sevincdən kövrəlirsiniz. Çünki hələ çox gəncsiniz. Sizin möhtəşəm uğurlarınız hələ qabaqdadır. Fəridə xanım ümumiyyətlə teatr deyəndə nəyi fikirləşirsiniz?
- Məncə düz deyiblər ki, “teatr cəmiyyətin kiçildilmiş bir modelidir”.Teatr müqəddəs bir məbəddir. Bu məbəddə nəyin pis, nəyin yaxşı olmağı aydınca görünür. Cəmiyyətin kiçildilmiş bu modelində nümayiş etdirilən hər bir tamaşanı dərk edirsən, dərindən düşünürsən və görürsən ki, teatr mədəniyyətin yüksək zirvəsidir. Ona görə də aktyorlar və aktrisalar həmişə yüksək zirvəni fəth etməyə can atırlar. Bir çox hallarda da buna nail olurlar.
- Sizcə aktyorun peşəkar yetişməsində ən çox nələr vacibdi?
- Qabil müəllim mənim yaxşı yadımdadır, yazıçı-rejissor, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu sizdən müsahibə götürmüşdü. Mən o müsahibəni çox maraqla oxudum. Xətrinizə dəyməsin mən bu suala sizin həmin müsahibədəki cavabınızı olduğu kimi təkrarlamaq istəyərdim. Çünki cavab çox xoşuma gəlmişdir: “İstedad bu mütləqdir, istedada istiqamət verən bacarıqlı rejissor, sonrası isə savad və mütailədir. Mən demirəm ki, aktyorların hamısı ali təhsilli olsun. Amma mütaiyə və savad vallah çox vacibdir. Birdə ki, yaxşı repertuar seçimi də əsas şərtlərdəndir”.
- Mən sizin oynadığınız rolları sadalamaq istəməzdim. Çünki işlədiyiniz müddətdə repertuarda olan deyərdim ki, əksər tamaşalarda varsınız. Bunların da kı, bir çoxu baş rollar və ikinci dərəcəli obrazlardır. Sizcə bu rollar sizə fiziki görkəmliyinizə, səhnə baxımlığınıza görə verilir yoxsa... ( Sözümü kəsib gülə-gülə)
- Siz nə danışırsınız? Nə fiziki görünüşünə görə. Özünüz yaxşı bilirsiniz ki, teatrımızdakı aktyorların, aktrisaların çoxu gənclərdi.Onların da deyərəm ki, hamısı bir-birindən maraqlı istedadlı gənclərdi. İstər aktyorların, istərsə də aktirisaların fiziki görkəmi də, bacarıqları da çox əladır. Bu baxımdan teatrımızın bəxti gətirib. Mənə təqdim olunan rolları əksər hallarda mən tək oynamıram. Dubliyorlarımız olur. Bu bizm teatrımızda ən yaxşı bir ənənədir. Bir tamaşada bir çox aktyorlar məşğul olurlar. Boş dayanmaq bizdə çox az hallarda olur. Daha-doğrusu demək olarki, heç olmur.
- Teatrlarda “intiriqa” deyilən bir deyim var.Yəni belə deyək də. Dedi-qodu. Siz dubliyorla oynayanda bu “intireqalar” baş vermir ki? Çünki elə aktyorlar, aktrisalar var ki, onlar istəmirlər ki, oynadıqları rollarda onlara dubliyor verilsin.
-Mən çox qətiyyətlə deyirəm ki, yox! Çünki bizim Səxavət Məmmədov kimi çox humanist, yüksək təşkilatçı, kollektivin qədrini bilər, onlara bacardığı kimi şərait yaradan direktorumuz və eyni zamanda güclü kollektivimiz var. Bizdən böyüklər bizə örnəkdir, yaşıdlarımız isə həmfikirlərimizdir. Birdə ki, dediyiniz o dedi-qodular bekarçılıqdan yaranır. Bizdə isə işimiz çox olduğundan boş vaxt olmur. Olanda da özümüzü övladlarımıza, ailəyə həsr edirik.
-Bildiyimə görə siz bir çox seriallara dəvətlər almısınız...
-Bəli elədir. ATV kanalında “Qız yükü” serialında baş rol Almaz obrazını, İTV-də “Döngələr” (rejissor Cavid Təvəkkül) dəvət ediblər. Şəhid qəhrəmanın yoldaşını, tanınmış rejissor Rövşən İsaq, ATV-də “Pərvanələrin rəqsi” serialına dəvət etdi çəkildim. Dəvətlər çox olur. Çox sağ olsunlar. Amma hər deyənə də vaxtım olmur. Çoxuna etiraz etməli oluram. Çəkildiyim məkanın yaxınlığı, uzaqlığı bunlar da əsas şərtlərdir. Bir də əsas şərt düzünə qalsa verilən qanararın miqdarıdır. Küçədən keçən qeyri peşəkarla aktyora fərq qoyulmalıdır. Amma hər halda çox sağ olsunlar ki, dəvət edirlər.
-Mən sizi səhnəni- tərəf müqabilini çox həssas duyan sərbəst duyumlu bir aktirisa kimi tanıyıram. Düzünə qalsa mən bunu bəzən çox təcrübəli, peşəkar aktyorlarda görürəm. Sizcə bu nədəndir?
-Mən bu suala teatr terminləri ilə cavab verə bilməyəcəm. Amma düşünürəm ki, bunun ən çoxu tərəf müqabilindən asılıdır. Tərəf müqabili nə qədər sərbəst olsa, nə qədər səni duysa onda səni də özü kimi olmağa məcbur edir. Bir sözlə səhnədə yaxşı oyun rəqabəti baş verir.
-İndiyəcən çox rejissorlarla işləmisiz. Hər bir rejissorun bir yozumu, fərqli taktikası, traktovkası var. Bunlar sizin oyun üslubunuza mane olmur ki?
-Əsla yox. Əksinə hər birindən maraqlı bir şey öyrənirəm. Özü də respublikada tanınmış bir çox rejissorlarla işləmişəm. Respublikanın Xalq artisti, mənim sənət müəllimlərindən olan Zülfüqar Abbasov, Xalq artisti Vaqif Əsədov, Əməkdar incəsənət xadimləri Ağalar İdrisoğlu, Bəhram Osmanov, aktyorlardan Xalq artisti Ağaxan Salmanlı, Valeh Kərimov, gənc rejissor Günay Səttarova, bu siyahını uzatmaqda olar. Sizcə sənətdə öz sözlərini demiş belə sənətçilərdən öyrənməmək olarmı? Mən bu işlərdən və belə insanlarla işləməkdən şərəf duyuram. Çünki onların hər biri bir məktəbdi.
-Zarafatı necə, xoşluyursunuzmu?
-Əlbəttə, amma ciddi zarafatı. Çünki deyib -gülmək ömürü uzadır. Amma dediyim kimi ciddi, duzlu, mənalı zarafat ola gərək. Bolqarıstanda Qabrova adlı bir şəhər var. Orada insanlar yumoru çox xoşlayırlar. Onların lətifələri dünyada məşhurdur. Həmin şəhər həm də dünyada ən uzun ömürlülər şəhəri sayılır. Deməli, yaxşı yumor, yaxşı gülüş ömrü uzadır. Bunu həkimlər də deyir.
-Sizcə ilk primeriyadan sonra uzun uzadı müzakirələr yaxşıdı, yoxsa banket məclisləri?
- (Gülür) . Hər ikisi. Müzakirələr uzun-uzadı olmasın, amma banketlər uzun-uzadı olsa olar. Özü də banketi müəllif versə lap yaxşı olar.
-Eşitdiyimə görə ədəbiyyata marağınız daha çoxdur . Xüsusilə deyirlər ki, poeziyaya vurğunluğunuz daha böyükdür. Hətta, gizli-gizli şeirlər də yazırsız.
-Düz eşitmisiniz.Orta məktəb illərindən ədəbiyyata marağım çox olub. Bəlkə də elə bu mənim qismətimdə imiş ki, mən teatrda işləməli oldum. Bir başa ədəbiyyatın içində, özü də bilavasitə ədəbiyyatımızın təbliği ilə məşğul olmaq taleyimə yazıldı. Bax buna da qismət-alın yazısı deyirlər. Qaldı ki, şeirlərimi gizli-gizli yazmağıma. Gizli yazımıram. Boş vaxtlarımda evdə oturub yazıram. Mənə elə gəlir bir çox oxunaqlı şeirlərim də var. İlk oxucularım da elə anam Zivər xanım və oğlum İsadır. Amma şeirlərimin çap olunması haqqında hələ heç düşünmürəm də. Axı əsl şairlərdən ayıbdır. Mən hələ həvəskaram. Poeziyanın dərinliklərinə, onun sirlərinə yiyələnmək lazımdı.Vaxtı çatanda və bu sahənin mütəxəsisləri məsləhət görsələr yazdıqlarımın çap olunmasıyla məşğul olaram inşallah!
-Yazımın əvvəlində aktirisa peşəsinin qadınlar üçün ağır bir yük olduğunu yazmışam. Onların ailə qurmaq problemlərinə toxunmuşam. Bu fikirlərimə münasibətinizi bilmək istərdim.
-Əslində düz qeyd etmisiniz. Bir çox hallarda bu belədir. Amma neynəməli. Bu da bir qismətdir ki, bu yükü də biz çəkməliyik . Bilirsiz qıraqdan baxan nə isə fikirləşə bilər. Amma yaxından səninlə tanış olanda həmin adam istər-istəməz qeyri obyektiv fikirdə olduğunu etiraf eləyir. Hər bir insanın gərək daxili təmiz və zəngin olsun. Əfsus ki, adamlarımızın çoxu belə deyil. İnsanda daxili mədəniyyət zəngin olanda nəyə desən nail olmaq olur. Daxili mədəniyyət əsas hallarda böyüdüyün ailədən gəlir. Məsələn mənim mərhum atam və anam mənim bu peşəmdə həmişə mənə dəstək olublar. İndinin özündə belə, hər tamaşamdan sonra mənim ilk tənqidçim anam olur. Mərhum atam da hər uğruma sevinirdi, hər bir roluma öz münasibətini bildirirdi . Birdə ki, hər bir insan öz peşəsini sevəndə və onun işinə layiqincə qiymət veriləndə sanki öz xoşbəxtliyini orda tapır. O işdən böyük ruh alır.
-Fəridə xanım, ümumiyyətlə teatrımızı necə görmək istərdiniz?
-Təbii ki, yaxşı. Mən əvvəlcədən də dedim. Bizim çox təşkilatçı, bacarıqlı, kollektivin qeydinə qalan direktorumuz və güclü, istedadlı, yaradıcı turuppamız var. Çox möhtəşəm bir binamız var. Çox sağ olsun Prezidentimiz cənab İlham Əliyev, onun sərəncamı ilə bir neçə il bundan əvvəl binamız əsaslı təmir olunub. İşləməyə də bütün şəratimiz var və işləyirik də. Amma istərdim ki, teatrımıza ali dərəcə verilsin. Axı 51 ildir ki, teatrımız dövlət statusu daşıyır, respublikada sensassiya yaradan maraqlı tamaşaları olub və var! Birdə ki, özümüzdən yaşlı aktyorlarımızı fəxri adsız görəndə, bir az bədbinləşirəm ki, onlar öz layiq olduqları fəxri adları vaxtında almayanda bəs biz gənclər nə vaxt alacağıq?
Ümidvaram ki, ölkəmizdə güclü islahatlar gedir və hər şey yaxşı mənada həllini tapır. Bizim bu problemimiz də həll olunacaq. Buna mən tam inanıram. Mən buna da inanıram ki, biz, öz truppamızla bundan sonra da bir çox uğurlara imza atacağıq. Çünki teatrımızın direktoru Səxavət Məmmədov əlindən gələni eləyir ki, işlərimiz yaxşı getsin. Teatrımıza çox bacarıqlı, savadlı, istedadlı, təcrübəli rejissorları da dəvət eləyir ki, onlar bizimlə maraqlı tamaşalar hazırlasınlar.
-Övladınızı da bu peşədə görmək istərdinizmi?
-Hələ məktəblidir. Bunu gələcək həyat göstərəcək. Mənim isə fikrim belədir ki, özü hansı sahəni istəsə qoy o sahəni də seçsin. Mən ona mane olmayacam. Çünki mənə mane olmayıblar.Təki o, sevdiyi peşəni anası kimi sevsin. Bir də arzulayıram ki, Allah mənə sağlam ömür versin. Mən oğlum İsaya mükəmməl təhsil verib, onu
ziyalı, vətənpərvər bir övlad kimi böyüdüm. Çünki hər bir ananın ən böyük arzusu ovladının arzularının çin olmasını görməkdi. Bütün analara həmin xoşbəxtliyi arzu edirəm.
Qabil İBRAHİMLİ
AJB-nin üzvi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB