“Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” - DƏYİRMİ MASA-FOTOLAR

Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirilir. SİA-nın məlumatına görə, konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilib.

Bu gün konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilib.

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun moderatorluğu ilə keçirilən tədbirdə dövlət strukturlarının nümayəndələri, tanınmış mədəniyyət, təhsil və elm xadimləri, hər iki ölkədən olan jurnalistlər iştirak ediblər.

Dəyirmi masada çıxış edənlər vurğulayıblar ki, Rusiya ilə Azərbaycanın münasibətlərinin bütün istiqamətlərdə çox intensiv inkişaf etdiyi bugünkü şəraitdə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edib.

Vurğulanıb ki, bəzən mədəni əməkdaşlıq siyasi və iqtisadi əməkdaşlıqla münasibətdə heç də az rol oynamır. Mədəniyyət, təhsil və elm sahələri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının uğurlu inkişafında böyük amillərdir. İki ölkənin dövlət başçılarının səmimi dostluq münasibətləri bu prosesdə həlledici amildir.

Qeyd edilib ki, bu cür tədbirlər humanitar əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. Xüsusi vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin inkişafına və təşəkkülünə böyük töhfə verib.

Dəyirmi masanın gedişində Moskva və Bakı mədəniyyət idarələri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Qeyd edək ki, konfrans çərçivəsində Rusiyada yaşayan görkəmli azərbaycanlılara və Azərbaycanda yaşayan rusların məşhur nümayəndələrinə həsr edilmiş fotosərgi keçirilməsi planlaşdırılır.

Konfrans çərçivəsində TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu” kitablarının təqdimatı və digər mədəni tədbirlər nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə