Qusar Dövlət Ləzgi Dram Teatrının böyük uğurları

Qusar Dövlət Ləzgi Dram Teatrının böyük uğurları

Əməkdar Mədəniyyət işçisi Rafiq Rəhimlinin dram əsərlərində adətən bir neçə problem dramaturji xəttin əsasını təşkil edir. Məhz buna görə də onun əsərləri çox maraqlıdır. “Üç gün, üç gecə” iki hissəli psixoloji təcəssümündə də narkomaniya, tənhalıq və paylaşma kimi günümüzün qlobal problemləri dramaturji konflikt üçün əsas özək rolunu oynayır. Üç nəfər iştirakçısı olan bu pyes qısa zaman kəsiyində saysız-hesabsız mənzərə yaradır: biz müxtəlif zümrələrə məxsus çoxlu personaj qrupu, obyektlər, müxtəlif peşə və vəzifə sahibləri, bir sözlə, bəşər övladları ilə yaxından tanış oluruq. Dramaturq üç nəfərlik pyesində maraqlı səhnə üçbucağı yaradaraq, Gövhər, Bəyim və Kərim kimi bir-birindən fərqli xarakter üzərində əsərini bədii dəyərə çevirir: bir-birinizi tənha qoymayın; xeyirxahlığınızı, imkanlarınızı paylaşın ki, heç kəs bu dünyada özünü tənha hiss etməsin. Bu- dramatuq tərəfindən pyesin ali məqsədi, qayəsidir desək yanılmarıq. Və həm də əsas ideya kimi dramaturq tamaşaçıya da bunu təlqin eləyir.

Dramaturqun bir neçə pyesi üzərində çox maraqlı, həm də baxımlı rejissor işi aparan istedadlı rejissor, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova “Üç gün, üç gecə” psixoloji dramını da yaxşı mənimsəmiş, pyesin ideyasını tamaşaçıya çatdırmaq üçün quruluş üzərində diqqətlə və böyük məsuliyyıtlı işləmişdir . Laləzar xanımın quruluş verdiyi digər tamaşalarında olduğu kimi, bu tamaşada da dinamikanı gözləmiş, aktyorların oyun ritmini tənzimləyə bilmişdir. O, bir məkan daxilində baş verən çox ciddi hadisələri elə ahəngdarlıqla qurmuşdur ki, tamaşanı həyəcanla və maraqla izləməmək mümkün deyil.

Real həyat həqiqətlərinə əsaslanan dramaturji material Kərimin sahibsizliyindən, Gövhərin kimsəsizliyindən, Bəyimin aldanışlarından danışsa da, bu insanların hamısını bir-birinə daxili bir ip bağlayır- bu da maddi və mənəvi tənhalıqdır. Bu zaman onlardan fərqli olaraq, az da olsa maddi və mənəvi imkanlara malik olan Gövhər bu iki gənci xilas etmək fikrinə düşür. Beləliklə, onun eksperimenti uğurlu alınır. Lakin tamah hissi Bəyimi aldadır. Onu narkotika bəlasından xilas edən Gövhərə silah tuşlayır və əvvəlki meşşan həyatına qayıtmaq üçün gedir. Bu zaman Gövhər Kərimə qətiyyətlə bildirir ki, “get, saçlarından tutub onu bura sürüyə-sürüyə gətir”. Gövhərin qəlbində bir ailə düzəltmək arzusu varsa da, monoloqunda daha ciddi və qabarıq bir fikir yatır: “İnsanları təklənməyə qaymayın. Əgər dövlət sahibsizlərə sahib çıxırsa, biz niyə bir-birimizə sahib çıxmamalıyıq?” Tamaşanın əsas ideyası da məhz budur.

Dekabr ayının 3-dən-10-na kimi Azərbaycan Teatr Xadimlər İttifaqının keçirdiyi festivalda Qusar Dövlət Ləzgi Dram Teatrı da Aktyor evində bu tamaşa ilə çıxış edərək, həm jüri üzvlərinin və həm də tamaşaçıların böyük marağını qazandı. Belə ki, “Üç gün, üç gecə” psixoloji dramı özünün bədii dəyəri ilə hamının diqqətini özünə cəlb elədi.

Tamaşanın quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Rolları Lalə Qurbanova (Gövhər), Kəmalə Şərifova (Bəyim), Namiq Mustafayev (Kərim) çox maraqla və peşəkarlıqla ifa edirdilər.

Biz tamaşadan sonra quruluşçu rejissor, Əməkdar mədəniyyət işçisi, maraqlı rejissor Laləzar Hüseynova ilə söhbət elədik. Quruluş verdiyi tamaşa və Rafiq Rəhimlinin yaradıcılığı haqqında Laləzar xanım belə dedi:

-Özünüz də gördünüz ki, bizim oynadığımız “Üç gün, üç gecə” tamaşasına tamaşaçılar necə böyük maraqla baxdılar. Bu tamaşa da bütün dünyanı öz ağuşuna alan narkomaniya ilə bağlıdır. Mən istəyirəm oxuculara narkomaniyanın yaranması və fəsadları haqqında qısa məlumat verəm. Narkomaniya təxminən XIX əsrin axırlarında təbabət üçün aşkarlanıb. Bunu da törədən səbəb tütün məhsulları olduğu müəyyənləşib. Belə ki, əvvəllər tütün məhsulu əsasən ağır xəstələrdə ağrıkəsici kimi istifadə olunub. Bu xəstəlik də demək olar ki, tütünçülüyün əsas Vətəni sayılan Kolunbiyadan gəlib. Belə ki, XVIII əsrə qədər Kolunbiyadaki qədim tayfalar bu tütündən kor təbii şəkildə istifadə ediblər. Beləliklə, XVIII əsrin axırlarında tütünün kimyəvi tərkibi aşkarlanıb. Ona narkotik “narke” sözündən götürülən yunan dilində ad verilib. Tərcümədə isə mənası “yuxu” “bihuşluq” deməkdir. Və ya “mania” ,“cəzbetmə”, “ağılsızlıq” da demək olar. Bax görürsünüzmü? Bu, təcrümədə “ ağılsızlıq” mənasını da verir. Deməli, ondan kor-təbii, sui istifadə insanda istənilən xoşagəlməz , bədbəxt, ağılsız anlar da yaşada bilir. Çox təəssüf hissi ilə demək istəyirəm ki, bütün bəşəriyyətin səy və bacarıqlarına baxmayaraq, bütövlükdə dünyada bu xəstəliyin əhatə dairəsi günü-gündən genişlənməkdədir.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesablamalara görə dünyada təxminən 16 milyona yaxın insan inyeksion narkotiklərdən istifadə edir. Yəni 16 milyona yaxın insan bu xəstəliyə tutulub. Onlarında 3 milyonunda isə qazanılmış immun çatışmamazlığı sindiromu (QİTS) xəstəliyi var. Ən acınacaqlı hal budur ki, Azərbaycanda da rəsmi statiskaya görə son beş ildə narkomanların sayı 10 dəfə artıb. Son məlumatlara əsasən ölkəmizdə narkomanların sayı 30 min nəfərə yaxındır. Bu hələ qeydiyyatda olanlardır. Qeydiyyata alınmayanlar da çoxdur. Birmənalı olaraq narkomaniyanın yayılması sağlam həyat tərzi üçün çox ciddi təhlükədir. Ona görə də mən belə başa düşürəm ki, bizim tamaşamız bu xəstəliyin qarşısının alınmasında böyük rol oynaya bilər və böyük tribunaya çevrilər. Əgər bizə bu tamaşanı Azərbaycanın bütün bölgələrində göstərməyə şərait yaratsalar və bu işdə Kütləvi İnformasiya Vasitələri bizi dəstəkləsələr bu tamaşa narkomaniya elehinə xalq arasında böyük təbliğat işi apara bilər. Bununla da biz Azərbaycan dövlətinə və dövlətinə böyük xidmət göstərə bilərik.

Tamaşada ən maraqlı yerlərdən biri də odur ki, narkomanlar tənha bir qadının evinə girib, onu öldürərək pullarını və zinyət əşyalarını götürüb satmaq və bununla da narkotik maddələr almaq istəyirlər. Amma daç-qayaya rast gəlir. Qadın onlardan güclü çıxır və onların əl-qollaqrını bağlayır və həm də deyir ki, sizə üç gün yalnız su verəcəm ki, əgər siz buna dözsəniz bu bəladan ayılacaqsınız. Əgər dözə bilməsəniz öləcəksiniz. Belə ki, qadın istəyir ki, onlara sahib çıxsın və onları bu bəladan qurtarsın. Bu həmin qadında bir analıq hissidir. Çünki bu gün narkomaniyanın baş alıb getməsində biganəlik də böyük rol oynayır. Bu gün narkomanlara qarşı ictimai qınaq həddindən artıq çox azdır. Əslində onlara qarşı xalqın ictimai qınağı çox olsa, biz bu bəlanın qarşısını ala bilərik. Buna görə hər sahədə böyük təbliğat olmalıdır.

-Bu tamaşanı çoxdan oynayırsınız?

-Bu gün bizim ilk tamaşamız oldu. Bu tamaşaya görə bizim teatra iki diplom verildi. Həm də tamaşamız ən yaxşı dörd tamaşa siyahısına düşdü. Bu pyesi də Rafiq Rəhimli bizim teatr üçün yazıb. Biz Rafiq Rəhimli ilə bundan əvvəl, mən Dağıstan Azərbaycan Dövlət Dram Teatrının baş rejissoru işlədiyim illərdə də bir neçə tamaşa işləmişik. Rafiq Rəhimli çox maraqlı və müasir həyatı dərindən başa düşən dramaturqlardan biridir. Amma blmirəm neyçünsə teatrlarımız belə maraqlı, çox istedadlı dramaturqa az müraciət edirlər. Teatr sənətini yaxşı bilən belə istedadlı dramaturqlar bu gün teatrlarımıza çox lazımdır. Çünkü onun yaradıcılığı çoxşaxəlidir. Ona görə də tamaşaçılar bu pyeslərə maraqla baxırlar.

-Siz Şuşa Dövlət Musiqili-Dram Teatrıda da adət-ənənlərlə başğı, ertoqrafiya tamaşası oynadınız.
-Bəli. Bu da ləzgi xalqının etnoqrafiyası, adət-ənənələrilə bağlı musiqili tamaşadır. Burada xalqın birliyi, bir-birinə necə mənəvi kömək etməsi, ev tikməkdə kömək etməsi, toy şənliklərində necə iştirak etməsi, bayram şənlikləri keçirməsi burada ali məqsəd kimi qarşıya qoyulub. Biz, bu tamaşada demək olar ki, bir kəndin dekorasiyasını qurmuşquq. Bu tamaşaya əsasən ləzgilər daha çox baxdılar. İnanın hər bir epizod sürəkli alqışlarla qarşılanırdı. Bu tamaşanın quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Qardaşovdur. Mənim quruluşumda biz ləzgi dilində Üzeyr Hacıbəylinin “Arşın mal alan” tamaşasını və Faiq Qardaşovun quruluşunda Asəf Mehmanın yazdığı “Sədəf” tamaşasını da Moskvada çox böyü uğurla oynamışıq.
Mən sizə qətiyyətlə deyə bilərəm ki, bu gün Qusar Dövlət Ləzgi Dram Teatrı Azərbaycanın şimal bölgəsində ilk peşəkar teatr olmaqla çox böyük işlər görür. Teatrımızda aktyor truppası çox peşəkardır.Onların hamısı öz işlərinin vurğunudurlar. Biz, həm ləzgi və həm də Azərbaycan dilində çoxlu tamaşalar oynayırıq və çalışırıq ki, tetrımız Azərbaycanın peşəkar teatrları arasında birincilərdən biri olsun. Bu işdə teatrımzın direktoru, Əməkdar mədəniyyət işçisi, maraqlı bəstəkar, yaxşı təşkilatçı insan Faiq Qardaşovun da əməyi çox yüksəkdir. Biz onunla əl-ələ verib, bir-birindən maraqlı tamaşalar hazırlayırıq. Tamaşaçılar da bu tamaşalara böyük maraqla baxırlar. 20019-cu ildə teatrımızın qarşısında qoyduğumuz bütün məqsədlərə çatmışıq. Gələn ilki repertuarımız daha maraqlı olacaq. Kollektivimizi bir-birindən maraqlı pyeslər gözləyir.
P. S. Laləzar xanımın teatrın aktyor truppası haqqında belə həvəslə, istəklə danışması mənim də ürəyimcə oldu. Axı mən də bu teatr truppasını yaxşı tanıyıram. Çünki 2012-ci ildə mən özüm də bu teatrda Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə, müəllifin “Xırs quldur basan” əsərinə quruluş vermişdim. Teatrın kllektivi bu tamaşada yüksək peşəkarlıqla oynadıqlarına və teatrın direktoru Faiq Qardaşov əlindən gələni etdiyinə görə bu tamaşa hələ də teatrın repertuarında ən maraqlı tamaşalardan biri kimi bu gün də tamaşaçılar qarşısında oynanılır. Hər bir tamaşa da maraqla qarşılanır. Bu da kollektivin yüksək peşəkar teatr olmasına bir sübutdur. Bəli. Mən, teatr sahəsində əlli illik böyük təcrübəsi olan bir insan kimi qətiyyətlə deyirəm ki, Qusar Dövlət Ləzgi Dram Teatrı bu gün həqiqətən də Azərbaycanın ən aparıcı teatrlarından biridir. O həm də Azərbaycanın şimal bölgəsində bizim böyük mədəniyyət qalmızdır. Bu qalanı qorumaq və təbliğ etmək isə hər bir azərbaycanlı ziyalının mənəvi borcudur.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə