Qəzənfər Xalıqovun doğum günüdür

Bu gün Xalq rəssamı Qəzənfər Xalıqovun anadan olmasının 121-ci ildönümü tamam olur. SİA-nın məlumatına görə, Qəzənfər Xalıqov dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin portretini yaradan ilk rəssamdır. Onun yaradıcılıq təxəyyülünün məhsulu olan bu əsərdən sonra Nizami Gəncəvinin cizgilərini əks etdirən onlarla portret yaradılıb, heykəl qoyulub.

“Leyli və Məcnun”, “Əsli və Kərəm” kimi məşhur tamaşaların da səhnə və geyim tərtibatı Qəzənfər Xalıqova məxsusdur.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində tələbələrinə uzun illər təsviri sənətin sirlərini öyrədən Q.Xalıqov öz dövrünün aparıcı mətbu orqanlarında karikaturaçı rəssam kimi fəaliyyət göstərib.

Xalq rəssamı, həmçinin bir sıra plakatların, teatr tamaşalarına eskizlərin, “Neft buruqları” silsilə qrafik əsərlərin müəllifidir. Azərbaycan Milli İncəsənət Muzeyində müəllifin “Firdovsinin dəfni” və “Nizaminin portreti” əsərləri nümayiş olunur.

Qəzənfər Xalıqov həmçinin teatr və kino rəssamı kimi fəaliyyət göstərib. “Abbasın bədbəxtliyi” cizgi filmində, “Sehrli xalat”, “İstintaq davam edir” bədii filmlərində quruluşçu rəssam kimi çalışıb.

Görkəmli rəssam Qəzənfər Xalıqov 1981-ci ildə Bakı şəhərində vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...