Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “Caz sülhün xidmətində” adlı konsert təşkil edilib. Ölkəmizin cari ilin oktyabrından Qoşulmama Hərəkatında başlanacaq sədrliyi çərçivəsində təşkil edilmiş konsert Multilateralizm və Diplomatiya sülhün xidmətində və Beynəlxalq Caz Günlərinə həsr edilib. Əvvəlcə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov çıxış edərək, tədbirə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, ölkəmizin Qoşulmama Hərəkatında rolu barədə məlumat verib. Qeyd edib ki, 2011-ci ildə bu quruma qoşulan ölkəmiz qısa bir zamanda üzv dövlətlərin rəğbətini qazanıb. Buna görə də təşkilata sədrlik 2019-cu ilin oktyabrından üç il müddətinə ölkəmizə etibar edilib.
Çıxışlardan sonra Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın, dünyada məşhur olan Mali caz ustası Şeyk Tidian Sekin və Venesuelanı təmsil edən Avila kvartetinin konserti olub. Azərbaycanlı müğənni “Sarı gəlin”, “Reyhan”, “Gül açdı” xalq mahnılarını, eləcə də özünün bəstələrini ifa edib. Konsertin sonunda birlik və sülh mesajı vermək üçün hər üç ölkənin musiqiçiləri birlikdə mahnı ifa ediblər.
Konsertdən sonra Azərbaycan daimi nümayəndəliyinin təşəbbüsü ilə 14 ölkənin - Əfqanıstan, Banqladeş, Boliviya, Kuba, İndoneziya, Qatar, Pakistan, Fələstin, Tailand, Zambiya, Mali, Səudiyyə Ərəbistanı və Venesuela milli mətbəxlərindən ibarət ziyafət verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB