Lənkəran Dövlət Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan teatrın direktoru Tofiq Heydərov Azərbaycanda Milli Teatrın yaranma tarixindən, rəhbərlik etdiyi kollektivin inkişaf yolu və yaradıcılıq planları barədə geniş məlumat verib. SİA-nın məlumatına görə, bildirilib ki, bu gün ölkəmizdə teatrlar və sənət adamları diqqət və qayğı ilə əhatə olunublar. Bakı şəhərində və əyalətlərdə yeni teatr binaları tikilir, mövcud binalar isə əsaslı təmir edilir və ya yenidən qurulur.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir. Artiq 128 yaşına qədəm qoymuş Lənkəran teatrı da dərin mündəricəli əsərləri tamaşaya qoymaqla teatr tariximizdə özünəməxsus ənənə formalaşdırıb. Həmin əsərlər bu sənət ocağında istedadlı aktyor və rejissor nəslinin yetişməsinə səbəb olub, bütöv bir tamaşaçı nəslinin estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynayıb.
Ötən illər ərzində Lənkəran teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda nailiyyətlər qazanıb.
Perspektiv planlardan söz açan T.Heydərov teatrın qonşu İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş 34-cü Beynəlxalq Fəcr Teatr Festivalında, həmçinin iki dəfə bu ölkənin Həmədan şəhərində keçirilmiş Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil etdiyini bildirib:”Qazaxıstan və Türkiyə respublikaları ilə də əməkdaşlıq barədə düşünürük. Hələ 2018-ci ildə Qazaxıstanın Aktau Dram Teatrının rəhbərliyi ilə görüşərək qarşılıqlı əsərlərin hazırlanması, səfərlərin təşkili ilə əlaqədar protokol imzalamışıq. Bundan əlavə Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyə Teatrı ilə danışıqlarda müəyyən festivallarda iştirak etmək məsələləri ortaya qoyulub. Ümid edirik ki, 2019-cu ilin axırına kimi Türkiyə və Qazaxıstanla aparılan işlər öz bəhrəsini verəcək”.
Direktorun sözlərinə görə, Mədəniyyət Nazirliyinin təsdiq etdiyi repertuar planına görə il ərzində teatrda 4 tamaşa hazırlansa da, əlamətdar bayramlarla əlaqədar repertuar planından əlavə daxili imkanlar hesabına məktəblilər üçün daha 2-3 tamaşa hazırlanır. Bu günlərdə qırğız dramaturqu Mar Bayciyevin “Şənbə axşamı” tamaşasının premyerası olub. Cari ildə C.Cabbarlının 120 illik yubileyi münasibətilə ədibin “Vəfalı Səriyyə”, serb yazıçısı Miodraq Bulatoviçin “Qodo gəldi”, Vaqif Əlixanlının “Dənizə baxan pəncərə”, Əli Əmirlinin “Ünvansız qatar” əsərlərinin də səhnələşdirilməsi nəzərdə tutulub.
Tədbirdə uzunmüddətli səmərəli fəaliyyətlərinə görə teatrın aparıcı aktyorları, Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktrisa Qızılgül Quliyeva və ədəbi-dram hissəsinin rəhbəri Ağaddin Babayev Fəxri fərmanlarla təltif olunublar. “ARB Cənub” Televiziyası isə teatrın fəaliyyətini mütəmadi işıqlandırdığı üçün təşəkkürnamə ilə mükafatlandırılıb.
Sonra teatrın səhnəsində Tərlan Abdullayevin müəllifi və quruluşçu rejissoru olduğu “Sehirlənmiş qız” musiqi nağıl-tamaşasının premyerası olub. Dostluq,
mehribanlıq ideyasını təlqin edən səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rollarda aktyorlardan əməkdar artist Sucəddin Mirzəyev, Qızılgül Quliyeva, Təranə Fərəcova, Aysel Cahangirova, Arzu Abbaszadə. Məleykə Cəfərova, Amil İbrahimli və digərləri ifa
ediblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB