Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşdə çıxış edib. SİA-nın məlumatına görə, Xalq artisti Prezidentə və Birinci xanıma diqqət üçün təşəkkürünü bildirib.
"Burada əyləşən bütün incəsənət xadimləri sənətə öz canlarını qoyublar və bu sənətin inkişafında çox böyük rolları olubdur. Lakin biz bununla kifayətlənməməliyik. Biz Sizin sərəncamlarınızdan sui-istifadə edənlərə qarşı çox böyük bir inqilab etməliyik. İki açıq cəbhəsi olan ovuc boyda Azərbaycanı Siz necə qoruyursunuz? Bu dövlətçiliyi necə qoruyursunuz? Hər birimizi necə qoruyursunuz? Siz necə əziyyətlər çəkirsiniz? Bunu biz hamımız başa düşməliyik. Sizin əməyinizi qiymətləndirmək bu balaca məclislərdə deyil, geniş meydanlarda olmalıdır, bizim müsahibələrimizdə olmalıdır. Bu hadisəni başa düşməyən və bu hadisədən sui-istifadə edən ortabab xalqı, bəlkə də deyim Sizə ki, sadə bir xalqı qızışdıran, Vətənin bu vəziyyətində öz şəxsi ambisiyaları üçün istifadə edən şəxslərə bizim dilimiz çox uzun olmalıdır. Çünki hər bir xalqı mədəniyyəti ilə tanıyırlar. Hər bir tikilini təzədən bərpa etmək olar, hər bir dağıntını təzədən qurmaq olar, amma mədəniyyət çat verərsə, bu, çox böyük bir bəladır. Burada oturanlar bilirlər ki, bizə, bizim mədəniyyətimizə çox böyük qayğı var. Bəlkə də biz yeganə xalqıq fikirləşirik ki, problemlərimiz olanda Prezidentimizə, Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu problemdən qurtaracaq. Bəlkə də bizim içimizdə bunu təsdiq edənlər var. Çox problemləri biz onların vasitəsilə həll etmişik. Amma bu, təkcə şəxsi ambisiya üçün olmamalıdır. Bizdən sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir. Bəli, çox gözəl mədəniyyət nazirlərimiz olub. Mənim yaşım o vaxta çatmayıb, amma biz onlarla indiki kimi ünsiyyət qura bilməmişik. İndiki kimi deyə bilməmişik ki, cənab nazir, filankəs ağır vəziyyətdə xəstəxanadadır, özəl xəstəxanadır, onun pulu ödənməlidir, o, oradan çıxmalıdır. Bilirsiniz, bütün bunlar hamısı həyat hadisələridir. Bunun hamısını biz çılpaqlığı ilə deməliyik, boynumuza almalıyıq. Nə üçün? Çünki bizim həyat devizimiz, yəni, aktyorların, incəsənət xadimlərinin əsas həyat devizi təbii, düzgün olmaqdır. Biz yalanlardan uzaq olmalıyıq", deyə xalq artisti bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB