Almaniyada nüfuzlu festival başlayır

Bu gündən Almaniyada “Berlinale” kimi tanınan və dünyanın ən nüfuzlu festivallarından olan 69-cu Berlin Beynəlxalq Film Festivalı başlayır. SİA-nın məlumatına görə, festivalın əsas proqramına 25 ölkədən 23 film daxildir. Fevralın 17-dək davam edəcək festivalın münsiflər heyətinin prezidenti, fransalı aktrisa Jülyett Binoşdur. Münsiflər heyətinin tərkibinə kinotənqidçi Castin Çan, almaniyalı aktrisa Sandra Hüller, Nyu-York Müasir İncəsənət Muzeyinin kino bölməsinin baş kuratoru Racendra Roy daxildir.

Qeyd edək ki, 1951-ci ildən etibarən hər il keçirilən, dünya kinematoqrafiyasının ən gözlənilən tədbirlərindən biri olan “Berlinale” festivalı çərçivəsində fevralın 9-dan 14-dək reallaşacaq “Berlinale Talents” beynəlxalq kino proqramında ölkəmiz də təmsil olunacaq. Həmyerlimiz Samirə Əsgərova bu proqramda iştirak üçün müxtəlif ölkələrdən olan ərizəçilər arasından seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə