Xalq artisti Fəxri Xiyabanda yad olunub

Xalq artisti Fəxri Xiyabanda yad olunub

Bu gün Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100-cü ili tamam olur. SİA-nın məlumatına görə, kino ictimaiyyətinin nümayəndələri II Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edilbər. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova Tofiq Tağızadənin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin Sərəncam imzaladığı barəıdə məlumat verib. Şəfiqə Məmmədova sənətkarın həyat və yaradıcılığından söz açaraq bildirib ki, Tofiq Tağızadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayıb, quruluş verdiyi ekran əsərləri ilə milli kino tariximizi zənginləşdirib. Ömrünün 40 ildən çox dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi bütün filmlərdə özünü professional rejissor kimi təsdiq edib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov qeyd edbi ki, Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirib. Onun filmlərinin hər birinin öz maraqlı süjeti var, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinoya yeni üslub və nəfəs gətirib. Xalq artistləri kinorejissorlar Eldar Quliyev, Oqtay Mirqasımov, aktyor, rejissor Əbdül Mahmudov və başqaları çıxış edərək Tofiq Tağızadə ilə bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərinin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Dədə Qorqud” kimi filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri var. Sonda rejissorun qızı, Xalq artisti İranə Tağızadə çıxış edib. O, atasının xatirəsinə göstərilən yüksək ehtirama görə hər kəsə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə