“Deyilən söz yadigardır” bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək

“Deyilən söz yadigardır” bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək
Bu gün saat 17.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "Gümüş maska" zalında "Deyilən söz yadigardır" V Respublika bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlarının təqdimolunma mərasimi keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Göyçayda Rəsul Rzanın 100 illiyinə həsr edilən "Deyilən söz yadigardır" V Respublika bədii qiraət müsabiqəsi yüksək bədii-təşkilati səviyyədə keçirilib. Müsabiqədə 34 bölgəni təmsil edən 70 nəfər iştirak edib.

Münsiflər heyətinin qərarı ilə I yerin qalibi Mədəniyyət və İncəsənət Universitetinin "Dram rejissoru" fakültəsinin tələbəsi Ərzənalıyeva Pərvinə 500 manat, laureat adı və diplom, II mükafata (300 manat, laureat adı və diplom) Dövlət İqtisadiyyat Universitetinin tələbəsi Qurbanova Könül, III mükafata (250 manat, laureat adı və diplom) Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Ağayeva Həcər layiq görülüb.

Həvəsləndirici mükafatlara (100 manat və diplom) Salyan Dövlət Kukla Teatrının aktyoru Həsənov Rauf, Bakı şəhərindəki Əmircan Mədəniyyət Evinin təmsilçisi Rəfiyev Firuz və Göygöl rayonunun təmsilçisi Cəlilova Arzu layiq görülüb.

Göyçay rayon Mədəniyyət və Turizm şöbəsinin təsis etdiyi xüsusi mükafatla (100 manat və diplom) isə Ucar rayonunu təmsil edən Məmmədov Elçin təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə