Xanımana Əlibəylinin anadan olmasının 90 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək

Xanımana Əlibəylinin anadan olmasının 90 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək

Dekabrın 23-də, saat 15.00-da Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, Dövlət Mükafatı Laureatı Xanımana Əlibəylinin anadan olmasının 90 illiyinə həsr olunan yubiley tədbiri keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Tədbirdə X.Əlibəylinin "Dovşanın ad günü" pyesinin 100-cü tamaşası nümayiş olunacaq.

Yubiley tədbirində tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, mətbuat nümayəndələri və yazıçının qohumları iştirak edəcəklər.

Yubiley Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Qeyd edək ki, X.Əlibəyli yarım əsri adlayan uzun və səmərəli yaradıcılıq yolu keçmiş, uşaq ədəbiyyatının görkəmli nümayəndəsi kimi söz sənətimizin tarixinə daxil olmuşdur. X.Əlibəyli Azərbaycan uşaq dramaturgiyasının banisi sayılır.

O, bədii yaradıcılığa ötən əsrin 30-cu illərində başlamış, ilk şeiri – "Ana" 1955-ci ildə "Azərbaycan qadını" jurnalında dərc edilib. "Balaca həkim", "Dovşanın ad günü", "Meşə həkimi", "Yaz konserti" və s. kitabları nəşr olunub.

"Dovşanın ad günü", "Ləpələrin nağılı", "Gözəllər gözəli" və s. pyesləri Gənc Tamaşaçılar və Kukla teatrlarında tamaşaya qoyulmuş, "Dovşanın ad günü" və "Aycan" tamaşaları Dövlət Mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə