Dövlət Pantomima Teatrında “Tıq-tıq xanım” tamaşasının premyerası olacaq

Dövlət Pantomima Teatrında “Tıq-tıq xanım” tamaşasının premyerası olacaq
Azərbaycan Dövlət Pantomima teatrında "Tıq-tıq xanım" tamaşasının premyerası olacaq. Bu barədə SİA-ya teatrın direktoru Elman Rəfiyev açıqlamasında bildirib. Onun sözlərinə görə, səhnə əsəri dövlət sifarişi ilə hazırlanır.

"Tamaşanın baş rolunda teatra yeni gələn Səbirə Həsənova çıxış edəcək. Səhnə əsərinin quruluşçusu isə teatrın aktrisası və rejisoru, əməkdar artist, Prezident təqaüdçüsü Nargilə Qəribovadır. Tamaşanın bədii rəhbəri və plastik həllinin müəllifi isə Bəxtiyar Xanızadədir", - deyə o əlavə edib.

Teatrın direktoru Elman Rəfiyev onu da qeyd edib ki, premyera dekabrın ikinci yarısına nəzərdə tutulub. Bununla yanaşı, teatrda həmçinin B.Xanzadənin quruluş verdiyi iki səhnə əsəri bərpa olunur. Bunlar "Gəldim ki, olam ğəmin hərifi..." balet-tamaşası və "Kesa və Marito" film-tamaşasıdır. Artıq rolların ifaçıları da müəyyənləşib - Məcnun rolunda Bəhruz Əhmədli, Marito rolunda isə Ceyhun Dadaşov çıxış edəcəklər".

Pantomim Teatrının ilk truppasının üzvlərindən və aparıcı aktyorlarından biri Qurban Məsimovun teatrı tərk etməsi məsələsinədə toxunan direktor bildirib ki, o, öz istəyi ilə teatrı tərk edib, onu heç kim işdən çıxarmayıb: "Bizim teatra çoxlu sayda aktyor işə götürülür və çıxır. Misal olaraq tanınan aktyor və teleaparıcı Azər Axşam və bir sıra aktyorlar bizim teatrın işçisi olub. Baxmayaraq ki, teatrımızın qocaman kadrlara hər zaman ehtiyac var, ancaq istedadlı gənc nəsil də öz bacarıqlarını nümayiş etdirirlər".

Məlumat üçün bildirək ki, teatrın həm də baş rəssamı olan Q.Məsimov teatrdan getməsinin səbəbləri ilə bağlı təfərrüatlı açıqlama verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə