Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsinin rəsmi açılışı olub- FOTO

Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsinin rəsmi açılışı olub- FOTO
Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Vokalçıların Bülbül adına V Beynəlxalq müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, açılış mərasimində ilk olaraq çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu bildirib ki, builki müsabiqədə dünyanın 11 ölkəsindən 72 vokalçı iştirak edir: "Artıq bir neçə ildir ki, bu mötəbər müsabiqə öz qonaqpərvərliyi və şöhrətli vokal məktəbi ilə tanınan ecazkar Bakı şəhərində keçirilir. Bülbül müsabiqəsinin qalibləri bu gün dünyanın ən tanınmış səhnələrində uğurla çıxış edən parlaq ifaçılardır. Bu da təsadüfi deyil – çünki beynəlxalq tərkibli münsiflər heyətinə uzun illərdən bəri təkrarolunmaz müğənni və pedaqoq, unudulmaz sənətkar, mərhum İrina Arxipova rəhbərlik edib. Bu il bu missiya opera səhnəsinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti, Lenin mükafatı laureatı Yevgeni Nesterenkoya həvalə olunub. Müsabiqənin uzunillik tarixində ilk dəfə olaraq münsiflər heyətinin tərkibinə nəinki ifaçılar, həm də tanınmış menecerlər, prodüserlər, dünyada ən məşhur opera teatrlarının rəhbərləri daxildir. Elə ona görə də böyük nüfuz qazanan müsabiqədə iştirak etmək arzusunda olan gənc vokalçıların sayı ildən-ilə artır".

P.Bülbüloğlu onu da vurğulayıb ki, Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi hər zaman olduğu kimi ənənəyə sadiq qalaraq dünya opera ifaçılığı sənətinə öz dəyərli töhfələrini verəcək.

Daha sonra münsiflər heyətində təmsil olunan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli müsabiqədə layiqli musiqiçilərin iştirak etdiyini bildirib və bu baxımdan münsiflər heyətinin işinin çətin olduğunu vurğulayıb. BMA rektoru çıxışında müsabiqənin liderləri arasında Azərbaycanı təmsil edən vokalçıları görmədiyini də qeyd edib.

Müsabiqənin münsiflər heyətinin sədri SSRİ xalq artisti Yevgeni Nesterenko Azərbaycanda bu layihənin təşkilini yüksək qiymətləndirib və müsabiqəyə uğur arzulayıb.

Daha sonra müsabiqə iştirakçıları arasında püşkatma mərasimi baş tutub. Bülbül adına V Beynəlxalq müsabiqəsində 1 nömrə altında Özbəkistanı təmsil edən bariton Rahim MirzəKamalov çıxış edəcək.

Məlumat üçün bildirək ki, müsabiqənin münsiflər heyətində- BMA rektoru Fərhad Bədərbəyli, Gürcüstanın xalq artisti Nodar Andquladze, dünyanın ən məşhur vokalçılarından biri Sergey Leyferkus, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Berlin "Xans Eyler" Ali Musiqi Məktəbində və Şanxayda Teatr Akademiyanın müəllimi Filip Brekinq, Fransanın Tuluza şəıhərindəki Kapitol Teatrında və Santyaqo Bələdiyyə Teatrında kastinq direktoru Arnold Alons, ABŞ-ın Metropoliten Operasında ifaçılıq direktoru Leonora Rozenberq, Almaniya opera festivalının musiqi rəhbəri Korneliya Von Kerssenbrok, Lion şəhər opera teatrının ifaçılıq direktoru Robert Körner və İspaniyadan İvan Van Kalmtxaut təmsil olunur.

Qeyd edək ki, noyabrın 21-nə kimi davam edəcək müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə