Şəki teatrında bu il dörd yeni tamaşa hazırlanacaq

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2018-ci ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli məlumat verib.

Rejissor bildirib ki, builki repertuar plana Azərbaycanın və qardaş xalqların dramaturqlarının əsərləri ilə yanaşı, müasir Qərb dramaturgiyasının nümunələri də daxil edilib. Əsas məqsəd teatrın rejissor və aktyorlarının yaradıcılığını, peşəkarlığını daha da inkişaf etdirməkdir.

Ümumiyyətlə, cari ildə teatrda Əli Səmədlinin “Hərənin bir ulduzu”, türk dramaturqu Bayazıt Gülercanın “Dəniz küləyi Lodos”, adıgey dramaturqu Bilal Appayevin “Gözəlləri necə qaçırdılar” və rumın dramaturqu Matey Vişnekin “Qoca kloun tələb olunur” əsərləri səhnələşdiriləcək.

Bu gündən etibarən teatrın yaradıcı kollektivi Bilal Appayevin “Gözəlləri necə qaçırdılar” əsəri üzərində məşqlərə də başlayıb. Tamaşanın quruluşçu rejissoru Arzu Əhmədova, rəssamı Nicat Məmmədli, geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Orucovadır. Ailə-məişət mövzusundan bəhs edən tamaşada əsas rolları Rəşad Rüstəmov, Günay Novruzəliyeva, Rəhim Qocayev, Nərmin Abbasova, Briliant Babayeva və başqaları ifa edirlər. Tamaşa martın əvvəllərində teatrsevərlərə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə